Qarabağ və Şərqi Zəngəzurda səhralaşma riski çox yüksəkdir

Qarabağ və Şərqi Zəngəzurda səhralaşma riski çox yüksəkdir
  27 Dekabr 2021    Oxunub:1652
Azərbaycanda yağıntının mümkün buxarlanmaya nisbəti ilə hesablanmış iqlim indeksi kəmiyyətinin 0,65-dən kiçik olduğu sahələr respublika ərazisinin 60%-dən çoxunda yayılıb.
AzVision.az -ın məlumatına görə, bu “Qarabağın coğrafiyası: Təbii .ərait və resurs potensialı” tədqiqatında yer alıb. Bildirilib ki, qeyd olunan kriteriyaya görə, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əksər inzibati rayonlarında, o cümlədən Füzuli, Cəbrayıl, Ağdam, Xocavənd, Zəngilan, Qubadlı, Tərtər, Bərdə, Ağcabədi və Yevlax rayonlarında rütubətlənmənin iqlim indeksi 0,65-dən azdır. Yalnız Kəlbəcər, Laçın, Şuşa və qismən Ağdərədə bu göstərici 0,65-dən böyükdür. Deməli, Qarabağ və Şərqi Zəngəzur bölgəsində arid və semiarid landşaftlar orta respublika göstəricisindən bir qədər çoxdur. Bu da ərazidə səhralaşma risklərini artırır.

Tədqiqatda qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı fonduna aid olan torpaqlarının 576,8 min hektarı su eroziyasına uğrayıb: “Yevlax, Bərdə, Ağcabədi rayonlarının torpaq fondunun xeyli hissəsi, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonlarının torpaqlarının qismən hissəsi şorlaşma və təkrar şorlaşmaya məruz qalıb. Qarabağ və Şərqi Zəngəzur ərazisinin işğal altında qaldığı otuz ilə yaxın bir müddətdə təbii və antropogen landşaftlar tənəzzül edib. Ötən otuz il müddətdə işğala məruz qalmış inzibati rayonlarda torpaqlar vəhşicəsinə istismar edilib, hər il əkin və örüş otlaq sahələri yandırılıb, yeraltı sərvətlər talan edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda səhralaşma prosesi intensiv xarakter alıb. İşğaldan azad olmuş inzibati rayonların ərazilərində əhalinin məskunlaşdırılması zamanı, landşaft planlaşdırması işlərini həyata keçirərkən neqativ hallar aradan qaldırılmalıdır. Tədqiqat ərazisində səhralaşmaya səbəb olan örüş-otlaq sahələri Füzuli, Cəbrayıl, Ağdam və Yuxarı Qarabağ bölgəsinin payına düşür”.

Coğrafiya İnstitutu tərəfindən Qarabağ və Şərqi Zəngəzurun irimiqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib. Xəritənin təhlilindən məlum olur ki, ərazinin 37,1%-i çox yüksək, 6,0%-i yüksək, 20,6%-i orta, 10,5%-i mülayim, 11,7%-i zəif, 14,1%-i isə çox zəif səhralaşma riskli landşaftlardır.

AzVision.az


Teqlər: Zəngəzur   Qarabağ  





Xəbər lenti