Azərbaycanın iqtisadi siyasətinin strateji aspektləri

Azərbaycanın iqtisadi siyasətinin strateji aspektləri
  27 Dekabr 2021    Oxunub:1155
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru

Prezident İlham Əliyevin rəhbərliyilə 2003-2020-ci illərdə Böyük Vətən Müharibəsinə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının əsrə bərabər inkişaf prosesləri strateji əhəmiyyət kəsb edir. Belə ki, 2003-cü ilin sonlarından etibarən, iqtisadiyyatın bütün sahələrində strateji vəzifələr ortaya qoyulmaqla, iqtisadi islahatların intensivləşdirilməsi təmin olunub.

Ölkəmiz neft və qaz resursları hesabına beynəlxalq əmək bölgüsündə uğurlu şəkildə ixtisaslaşa bilib və güclü beynəlxalq imic qazanıb. Azərbaycan regionun aparıcı dövlətinə çevrilməklə bərabər, mühüm strateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin icrasını təmin edib. Bunlarla yanaşı, ölkə regionlarının sosial-iqtisadi inkişafı prioritet kimi qəbul olunub və bir-birinin ardınca məqsədli dövlət proqramları reallaşdırılıb, hazırda 2019-2023-cü illəri əhatə edən IV dövlət proqramı icra olunmaqdadır.

Dövlət başçısı İlham Əliyevin 2003-2020-ci illərdə iqtisadi siyasətinin səmərəliliyini və optimallığını əks etdirən bir qrup strateji tədbirlərə və makroqtisadi göstəricilərə diqqət yönəltmək istərdik. Bu dövr ərzində 150-yə yaxın dövlət proqramı icra olunub, o cümlədən, 12 strateji yol xəritəsi, 94 məqsədli dövlət proqramı, 12 konsepsiya, 12 milli strategiya və s. proqramlar qəbul olunub. Ölkə iqtisadiyyatının həcmi real ifadədə 3,2 dəfə artıb, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə artım nümayiş etdirib. ÜDM-in həcmi ABŞ dolları ekvivalentində 5,6 dəfə artıb və 2020-ci ildə 42,6 mlrd. ABŞ dolları olub. Adambaşına ÜDM-in həcmi dollar ifadəsində 4,8 dəfə artaraq, 2020-ci ildə 4272,2 dollara çatıb.

Dollar ifadəsində əhalinin banklarda olan əmanətləri 25,7 dəfə artaraq, 6,5 mlrd. dollar səviyyəsinə qədər yüksəlib. Xarici ticarət dövriyyəsi dəfələrlə artıb, ixrac potensialı yüksəlib və son illərdə isə qeyri-neft ixracının artımı təmin edilib. Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur, baxılan dövr ərzində isə valyuta ehtiyatlarımız 1,8 mlrd. manat dollardan 53 mlrd. dollara qədər artıb. Ölkə iqtisadiyyatına 280 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun yarıdan çoxu xarici investisiyalardır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Böyük Qarabağ Zəfərinin məntiqi nəticələri olaraq regionda, türk coğrafiyasında və ölkəmizdə tarixi hadisələr yaşanmaqdadır. Ölkə Prezidentinin təşəbbüsü və 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi prosesləri intensiv fazaya keçməkdədir.

Dövlət başçısının qətiyyətli iqtisadi siyasəti və iqtisadi diplomatiyası işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına və ölkə iqtisadiyyatının intensiv böyüməsinə əsaslı zəmin yaradıb.

İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi Azərbaycan iqtisadiyyatının yeni artım mənbələrinin yaradılması ilə bərabər, həm də dövlətimizin iqtisadi qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsinə əlavə potensial formalaşdıracaq. Dövlət başçısının ciddi və yorulmaz səyləri hesabına, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı quruculuq işlərinin başlanması sayəsində artıq ilkin nəticələr vardır. 2021-ci ildə dövlət büdcəsində 2,2 mlrd. manat ayırmaqla, Azərbaycan özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan “ağıllı kənd” layihələrini reallaşdırır, yaşayış massivləri tikir. 2022-ci ildə də bu işlərə yenə eyni həcmdə vəsait ayrılıb. Ümumilikdə, azad edilmiş torpaqlardakı resursların iqtisadiyyatımıza inteqrasiyası ilkin mərhələdə milli iqtisadiyyatımızın 7-8 %, inteqrasiya proseslərinin əsas fazası başa çatdıqdan sonra isə 9-10% böyüməsinə səbəb olacaq.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı yaxın perspektivdə dinamik artım tempini təmin etməklə yanaşı, yüksək texnologiyalar əsaslı inkişaf mərhələsinə keçəcək, rəqabət qabiliyyətini əhəmiyyətli səviyyədə artıracaq və Azərbaycan xalqının sosial rifahının maksimum yaxşılaşdırılmasını təmin edəcək.


Teqlər: İqtisadi-siyasət  





Xəbər lenti