Hərraclarda təklifin tələbi üstələməsi davam edir

Hərraclarda təklifin tələbi üstələməsi davam edir
  06 Yanvar 2022    Oxunub:1107
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AzVision.az -ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 114,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. AMB qeyd edir ki, cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşıb. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmayıb.

Bundan əlavə, requlyator bildirir ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələyib, ümumilikdə valyuta bazarı tarazlı olub və milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilib.

"2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcək", - bankın məlumatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə AMB-də Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən keçirilən valyuta hərraclarında 6,688 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da illik müqayisədə 8,4% azalıb. Təkcə dekabr ayında banklara 989,2 mln. dollar satılıb ki, bu da noyabr ayı ilə müqayisədə 15,9% çoxdur.

AzVision.az



Teqlər: AMB  





Xəbər lenti