Azərbaycanda ötən il inflyasiya 6,7% olub

   Azərbaycanda ötən il inflyasiya 6,7% olub
  17 Yanvar 2022    Oxunub:818
2021-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 112,0 % təşkil edib. 2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 115,8 % təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, ucuzlaşma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 % təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 %, əvvəlki ilin dekabr ayına nisbətən 110,0 % təşkil etmişdir. Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı və televizorların təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

AzVision.az



Teqlər: İnflyasiya  





Xəbər lenti