"Məktəbli səhiyyə xidmətində yol verilmiş qüsura görə həyatını itirib"

"Məktəbli səhiyyə xidmətində yol verilmiş qüsura görə həyatını itirib"
  23 Aprel 2022    Oxunub:1546
Xətai rayonu 165 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun dünyasını dəyişməsi təbii ki, hamı kimi bizi də sarsıtdı. Çox təəssüf ki, biz yenə səhiyyə xidmətlərində yol verilmiş qüsurlarla əlaqədar olaraq, bir məktəblinin həyatını itirməsinin şahidi olduq.
Bu proses məni ciddi narahat etdiyi üçün araşdırma apardım. Dövlətimizin, cənab Prezident İlham Əliyevin, Birinci-vitse prezident Mehriban xanım Əliyevanın səhiyyə sistemimizin modernləşdirilməsi üçün atdığı addımların nəticə olaraq ölkə səhiyyəsinin inkişaf etməsinin, dünya səhiyyə standartlarına uyğunlaşmasının şahidi oluruq. Ancaq çox təəssüf ki, yerlərdə fəaliyyət göstərən bəzi məmurlar sadə idarəetmə mexanizmlərini doğru düzgün tətbiq etmədiklərinə görə insanlarımız acınacaqlı durumla qarşılaşır. Ramal Osmanovun vəfatı bu qəbildən olan hadisələrdən biridir. Xəstə burun qanaxması ilə xəstəxanaya müraciət edib və müvafiq yardım alıb. Sonradan valideynlərin istəyi ilə oradan özəl tibb müəssisəsinə aparılıb. Müvafiq olaraq hətta kiçik bir prosedur həyata keçirilən zaman xəstənin vəziyyəti düzgün qiymətləndirilməli, bu prosesin hansı ağır nəticə verəcəyi öncədən bilinməlidir. Bu proses mütləq şəkildə reanimasiyon tədbirlərin həyata keçirildiyi və tam təşəkküllü tibb müəssisəsində baş tutmalıdır.

Sumqayıtda fəaliyyət göstərən “Unikal” klinikasına gətirilən Ramal Osmanovun burun qanaxmasının aradan qaldırılması üçün yerli “yandırma” metodu tətbiq edilib və bu ümumi anesteziya altında keçirilib. Məlumat üçün bildirim ki, ümumi anesteziyanın həyata keçirilməsi üçün xəstənin vəziyyəti ona imkan verməlidir. Ancaq biz qan tablosuna baxdıqda görürük ki, hemoqlabin 80 qr/lt, eritrosit 3.5x10 12/lt, rəng göstəricisi 0.7, laxtalanma müddəti isə 2 dəqiqə başlayır, 6 dəqiqə bitir qeyd edilib. Bu onu göstərir ki, aktiv şəkildə qanaxma vardır. Xəstəyə tibbi müdaxilənin olması risklidir. Buna baxmayaraq xəstəyə müdaxilə olmuş və xəstədə ağırlaşma baş verib. Bundan sonra dövlət səhiyyə müəssisələrindəki təlimatlara uyğun olmayan, yanlış proseslər baş verib.

“Unikal” klinikasında təcili tibbi yardım maşını nasaz vəziyyətdə olduğu üçün dövlət tibb müəssisəsindən təcili yardım maşını çağırılmış, ağır vəziyyətdə olan xəstə heç bir razılaşma olmadan, heç bir müvafiq təlimatlara uyğun olmadan aparılmışdır. Biz burada Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin səlahiyyətinə aid olan məsələləri icra etmədiyinin şahidi oluruq. Bu nədən ibarətdir? Xəstənin təxliyəsi səhiyyə işinin təşkilinə aid olduğuna görə bir başa bu işlə həmin publik şəxsin direktoru məşğul olmalıdır. Yəni müvafiq tibb müəssisəsi ayarlanmalı, həmin tibb müəssisəsinin rəhbəri ilə razılaşdırılmalı, xəstənin vəziyyəti qiymətləndirilməli, təcili tibbi yardım maşınında götürülməsi imkan verirsə qərar qəbul olunmalıdır. Gediləcək tibb müəssisəsində yer həm onlayn qaydada, həm da razılaşma yolu ilə təmin edilməlidir. Çox təəssüf ki, həmin tibb maşını özbaşına qərar vermiş, sonradan bizim araşdırmamız nəticəsində müəyyən olunmuşdur ki, təcili tibbi yardım maşını reanimasyon xidmət üçün uyğun deyilmiş, defibrillator nasaz vəziyyətdə, maşında oksigen təminatı isə olmamışdır. Heç bir tibbi yardım göstərilmədən, sadəcə “taksi” xidməti kimi razılaşma olmadan bu cür ağır vəziyyətdə olan xəstə Bakı şəhərinə göndərilib.

Təxliyədə önəmli məsələ təxliyə prinsiplərinin səhiyyə idarəetmə pillələrinə uyğun şəkildə müvafiq qurumun rəhbəri tərəfindən idarə edilməlidir. Amma biz nəyi görürük? Sumqayıt Tibb Mərkəzi PHŞ-nin rəhbərinin heç bu prosesdən xəbəri yox imiş. İlkin səhiyyə xidmətini təşkil edən alt strukturlar belə bu prosesdən xəstə dünyasını dəyişdikdən sonra məlumatı olmuşdur. Sumqayıt kimi böyük şəhərdə, reanimasiyon xidmətin kifayət qədər olmasına baxmayaraq özbaşına qərar qəbul edilib və bu da ağır vəziyyətdə olan insanın qanaxmadan həyatını itirməsi ilə nəticələnib. Xəstənin qan müayinələri onu göstərir ki, qanaxma aktiv şəkildə davam edib. Hətta “yandırma” dediyimiz metod qanaxmanı dayandırmamış, əksinə ümumi anesteziya altında olan xəstədə vəziyyət ağırlaşmış, arqonal vəziyyətdə olan, köçürülməməli xəstə, tibbi yardımın Sumqayıt Tibb Mərkəzi tərəfindən təşkil olunması tələb olunan xəstə uzun bir yol qət edərək, müxtəlif tibb mərkəzlərini gəzərək daha da ağırlaşmış və bu da onun ölümünə səbəb olub. Qanunvericiliyə görə tibbi təxliyə birbaşa Sumqayıt Tibb Mərkəzinin rəhbərliyinin səlahiyyətində olan məsələdir. Ona görə də bir gəncin, gələcəkdə Azərbaycan əsgəri olacaq şəxsin vəfat etməsinin günahı onların üzərindədir, ciddi şəkildə həmin şəxslər cəzalandırılmalı və Sumqayıt səhiyyəsinə rəhbərlik edən şəxs öz vəzifəsindən azad edilməlidir.

Digər qüsurlar - həkim səhlənkarlığı, tibbi xidmətin Bakı şəhərində nə dərəcədə göstərilməsi təbii ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Biz çox təəssüf edirik ki, dövlətin bu qədər vəsait sərf etdiyi, ölkə rəhbərinin diqqətində olduğu sahə, icbari tibbi sığortanın tətbiqi ilə daha da müsbət istiqamət götürən səhiyyəmizə bu cür öz işini bacarmayan yerli məmurlar yarıtmaz fəaliyyəti ilə kölgə salır. İnanıram ki bu prosesdə haqq-ədalət öz yerini alacaqdır və məsuliyyət daşıyan şəxs və şəxslər cəzalandırılacaqdır.

Müşfiq Məmmədov
Milli Məclisin Səhiyyə komitəsinin üzvü


AzVision.az



Teqlər: Səhiyyə   Deputat  





Xəbər lenti