“AzerGold” QSC-də Milli Qurtuluş Günü qeyd olunub

“AzerGold” QSC-də Milli Qurtuluş Günü qeyd olunub
  15 İyun 2022    Oxunub:1830
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 15 İyun –Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
QSC-dən AzVision.az -a bildirilib ki, tədbirdə çıxış edən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolundan, zəngin, çoxşaxəli fəaliyyətindən, xalqımızın taleyində, dövlətçiliyimizin qorunması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Z.İbrahimov bildirib ki, müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ulu Öndər öz mənalı, zəngin ömrünü bütövlükdə xalqına və dövlətinə həsr edib.

İdarə Heyətinin sədri dahi şəxsiyyətin ötən əsrin 90-cı illərində müstəqilliyini yeni bərpa etmiş dövlətimizin keçirdiyi ağır siyasi və iqtisadi böhran şəraitində Azərbaycan xalqının təkidli çağırışı ilə siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öhdəsinə götürməsi, əsasını qoyduğu müdrik siyasət kursu ilə ölkəmizi tənəzzül vəziyyətindən çıxarması haqqında danışıb. Qədirbilən xalqımızın məhz bu tarixi Milli Qurtuluş Günü kimi qürurla qeyd etdiyini deyən Z.İbrahimov Ulu Öndərin ölkəmizə ikinci dəfə rəhbərliyi dövründə qısa müddət ərzində ictimai-siyasi sabitliyin bərpa edildiyini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə başlanıldığını qeyd edib. Fenomenal şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında ən böyük xidmətlərindən biri kimi ərazi bütövlüyümüzün bərpası yönündə aparılan ardıcıl və sistemli fəaliyyətini qeyd edən Z.İbrahimov Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və dəmir iradəsi ilə qazanılan şanlı Qarabağ Zəfərinin məhz bu siyasətin məntiqi nəticəsi olduğunu bildirib.

Milli Məclisin sədrinin birinci müavini Ə.Hüseynli qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə ona tənəzzülə uğramış, çox ağır durumda olan ölkə miras qoyulmuşdu. Ulu Öndər son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq, öz müdrikliyi və fədakarlığı sayəsində ölkəmizi uçurumdan xilas edə bilib, dövlət müstəqilliyimizi yenidən itirmək təhlükəsinin qarşısını qətiyyətlə alıb. Dahi şəxsiyyətin Azərbaycanda dövlət quruculuğu, qanunvericilik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışan Ə.Hüseynli Ulu Öndərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, ölkəmizin hərtərəfli gücləndiyini və Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan parlaq tarixi Qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin, o cümlədən “AzerGold” QSC-nin qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun əziz xatirələri ehtiramla yad edilib, Azərbaycan Dövlət Televiziyasının ərsəyə gətirdiyi “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi nümayiş olunub.




AzVision.az



Teqlər: AzerGold   Ulu-Öndər  





Xəbər lenti