Ağalını görmək və ölmək...

   Ağalını görmək və ölmək...
  25 İyul 2022    Oxunub:5815
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

1787-ci ildə İohann Göte gündəliyində belə bir söz yazmışdı: "Vedi Napoli e poi muori". Yəni “Neapolu görmək və ölmək”. Bu ifadə Göteyə qədər də, lap qədimlərdən vardı, böyük söz adamı onu sadəcə, ilk dəfə yazılı şəkildə təsbit etmişdi. Amma ifadə belə qalmır və tezliklə dəyişərək “Romanı görmək və ölmək” şəklini alır.
1931-ci ildə yəhudi əsilli yazıçı-publisist-jurnalist-fotoqraf-tərcüməçi İlya Erenburq “Mənim Parisim” adlı kitabında ifadəni dəyişərək “Parisi görmək və ölmək” şəklinə salır. Rus dilinə bu fraza məhz Erenburqun mətnlərindən keçir və əsl “qanadlı ifadə”yə çevrilir. "Увидеть Париж и умереть" ifadəsini yəqin ki, eşitməyən tapılmaz.

XX əsrin əvvəllərində Avropa bomondu üçün Paris xüsusi bir kult idi. Çünki yaradıcılığın mərkəzinə çevrilmişdi, ən maraqlı, qabaqcıl ideyalar orada parlayırdı. Sözdən tikilən Paris kağız və kətan üzərində o qədər əsrarəngiz idi ki, orada görülən hər adi şey – məsələn, dükanda satılan yumurta belə, qeyri-adi gəlirdi. Düşünürdülər ki, yox, bu qədər nəhəngin vəsf etdiyi şəhərdəki yumurta adi ola bilməz.

Əlbəttə, həmin kult çoxdan solub və indi əsasən turizm industriyasının maraqlarına xidmət edən Paris obrazının hər yolla dəstəklənməsi prosesi gedir. Paris çoxdan “ölməzdən qabaq görülməli olan yer” deyil. Amma bizim üçün belə yerlər vardı... Və çoxumuz üçün məcazi mənada olsa da, Ağalıya qayıdan bir xanım – Kübarə Sultanova bunu sözün həqiqi mənasında etdi. 29 il əvvəl tərk etməyə məcbur qaldığı doğma kəndinə qayıtdı, Ağalını gördü və öldü.

Kübarə xanımın 57 yaşı vardı. Demək, doğma Ağalıdan çıxanda 28 yaşı olub. Hər günü yurd, ev-eşik, gözü açılandan alışdığı yerləri görmək həsrətilə yüklənmiş bir qaçqın həyatı yaşayıb. Bu müddətdə çox gözlər o torpaqları barı son dəfə görmək nisgili ilə əbədi yumulub. İllər Kübarə xanımın ömrünü kərpic-kərpic söküblər, gəlib onkoloji xəstəlik tapıb, nəhayət, yataq xəstəsinə çevrilib; həkimin son sözü bu olub ki, “aparın, nə qədər ömrü qalıbsa, o qədər yaşayar”.

Bəs ömür nə qədər qalıbmış?! Ağalını son dəfə görəcək qədər. O, 29 il əvvəl çıxdığı kəndə qayıdıb və... sözün birbaşa mənasında doğma torpağa qovuşub.


Beləcə, “Ağalını görmək və ölmək” adlı dastan yaranıb. Yazılmayıb, məhz yaranıb. Ağalıdan olan sadə bir qadının öz ölümü ilə yaratdığı tarixçə onu yazanı gözləyir. Nə Neapol, nə Roma, nə də Paris – Ağalı kəndi Kübarə xanımın ölümü ilə yaratdığı tarixçəsinə görə Avropanın 3 böyük şəhərini kölgədə qoydu.

Ölümün haqqında “xoşbəxt” epitetini işlətmək olarmı, ya yox, bilmirəm; amma əgər olarsa, əgər dünyada “xoşbəxt ölüm” deyilən bir məfhum varsa, o, məhz budur. Axırı ölüm də olsa, bu hekayə xoşbəxt sonluqla qurtarır. Mən Kübarə xanımın ölərkən nə hiss keçirdiyini bilmirəm, amma əminəm ki, o, dünyadan nigaran, nisgilli yox, ən azından rahat, bəlkə də elə xoşbəxt köçüb. Torpaq təkcə məskən deyil axı, həm də mədfəndir; təkcə üzərində yaşamaq yox, həm də altında uyumaq üçündür. Kübarə xanım minlərlə qaçqının arzuladığı, amma çata bilmədiyi şəkildə dünyadan köçdü. Qoy, hamısının ruhu şad olsun: Biz artıq təkcə rahat yaşaya yox, həm də rahat ölə bilirik!


Teqlər: Böyük-Qayıdış   Ağalı  





Xəbər lenti