Lənkəranda əməliyyat, 21 nəfər saxlanıldı

Lənkəranda əməliyyat, 21 nəfər saxlanıldı
  30 Avqust 2022    Oxunub:761
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Abasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 kiloqram 335 qram heroin və 520 qram tiryək aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Abbasovun Liman şəhəri ərazisində zibillikdə gizlətdiyi bağlamadan 4 kiloqram 400 qram marixuana, 1 ədəd TOZ 8 markalı silah və silaha aid 24 ədəd patron aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə İ.Abasovun həmin narkotik vasitəni Liman şəhər sakini Vüqar Hüseynovdan satış məqsədilə əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 44 qram heroin və 67 qram tiryək aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməllərini törətməkdə şübhəli bilinən ümumilikdə 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti