Böyük bəstəkar son mənzilə yola salındı

Böyük bəstəkar son mənzilə yola salındı
  04 May 2014    Oxunub:1368
Görkəmli bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq Artisti, Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə mayın 4-də son mənzilə yola salınıb.
Mərhumun cənazəsi Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəm sayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu.
Matəm mərasimini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aqşin Əlizadənin həyat və yaradıcılıq fəaliyyətindən danışıb.

Nazir deyib ki, sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib.

Aqşin Əlizadə uzun illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunmuş, Azərbaycan Kinematoqrafçılar İttifaqına, müxtəlif elmi və müdafiə şuralarına, o cümlədən on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Çıxış edənlər bildiriblər ki, görkəmli bəstəkar, mahir pedaqoq, əsl ziyalı və gözəl insan Aqşın Əlizadənin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq, onun əsərləri heç zaman unudulmayacaq.


Teqlər:





Xəbər lenti