Amerikalı ekspert Azərbaycan qazının önəmindən danışdı

Amerikalı ekspert Azərbaycan qazının önəmindən danışdı
  06 May 2014    Oxunub:1578
Amerikanın nüfuzlu “Platts Energy Week” proqramının aparıcısı, jurnalist Bill Lavless ABŞ-ın Corctaun Universitetinin professoru və Xəzər regionu üzrə ekspert Brenda Şafferdən müsahibə alıb. Proqramda vurğulanıb ki, dünyada ən iri qaz yataqlarından birinin yerləşdiyi ölkə olan Azərbaycan getdikcə dünya birliyinin diqqət mərkəzinə çevrilir.
B.Lavless Azərbaycan qazının Avropa üçün nə dərəcədə böyük alternativ olacağını soruşub. Şaffer cavab verib ki, təkcə Avropa bazarına göndəriləcək qazın ilkin həcmi (16 milyard kubmetr) deyil, həm də “supermagistral” kimi Cənub Qaz Dəhlizinin yaradılması faktının özü əhəmiyyətlidir: “Bu, böyük bir avtomobil yolu tikintisinə oxşayır, ondan sonra müxtəlif hissələri öz arasında birləşdirən kiçik interkonnektorlar inşa edilməsi asan olacaq”.

B.Şafferin fikrincə, Cənub Qaz Dəhlizinin yaradılması region iqtisadiyyatının gələcək inkişafına kömək edəcək. Düzdür, başlanğıc mərhələdə 16 milyard kubmetr qaz ixrac ediləcək, lakin boru kəməri özü 60 milyard kubmetr qazın nəql edilməsi üçün nəzərdə tutulacaq və gələcəkdə əlavə həcmdə qaz nəql etmək imkanına malik olacaq. Özü də həmin qaz təkcə Azərbaycandan deyil, başqa ölkələrdən, o cümlədən İrandan da ixrac ediləcək.

Şaffer qeyd edib ki, 2013-cü ilin dekabr ayında “Şahdəniz” layihəsinə dair qəbul edilmiş yekun investisiya qərarı bu layihəyə 45 milyard dollar həcmində sərmayə qoyulmasına imkan verəcək. “Şahdəniz” yatağından Avropaya qaz nəqli 2018-ci ildə başlanacaq və 2019-cu ildə oraya çatacaq.

Professor ABŞ və Azərbaycan hökumətlərinin nümayəndələrinin və aparıcı ekspertlərin iştirak etdiyi “ABŞ-Azərbaycan: Gələcəyə baxış” konvensiyasını şərh edərək bildirib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə həmişə ABŞ-ın diqqət mərkəzində olub və Cənub Qaz Dəhlizi layihəsi Avropada böhrandan əvvəl bu qitənin enerji təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi üün planlaşdırılıb.


Teqlər:





Xəbər lenti