Havadan yağan pullar

Havadan yağan pullar
  07 İyun 2014    Oxunub:2196
Bir neçə günün söhbətidir - ölkənin iri açıq tipli səhmdar cəmiyyətlərindən (ASC) biri özəlləşdirilməsindən sonra keçən yeddi il ərzində ilk dəfə olaraq səhmdarlara dividend verəcəyini bəyan etmişdi.
İlk dəfə idi ki, səhmdarlara 10 manatlıq səhm üçün 1 manat 42 qəpiklik dividend alacaqları bildirilirdi.

AzVision.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu, səhmdarlar üçün şok yenilik idi. İlk dəfə idi ki, ASC-nin 99%-dən çox zərfinə malik olan əsas səhmdar xırda səhmdları da düşünürdü və ilk dəfə idi ki, az sayda səhmə sahib olan investisiya sahibləri illər öncə yatırdıqları vəsaitdən xeyir görürdülər. Son yeddi ildə əsas səhmdar yalnız ASC-nin nizamnamə kapitalının böyüdülməsi ilə məşğul idi və bütün gəlirlər bu işə yönəldilirdi. Nizamnamə kapitalı 2007-ci ildəki 24 milyon manatdan 2013-cü ilin sonuna 150 milyon manata qaldırılmışdı. Təbii ki, belə vəziyyət əlində olan bütün vəsaiti ASC-nin səhmlərinə yatırıb hər il dividend alacağına ümid bəsləyən ailələr üçün arzu olunmaz idi.

İndi isə vəziyyət tamamilə əks istiqamətə dəyişib. Xanımı ilə birlikdə ASC-nin 5 minə yaxın səhminə malik olan səhmdarlardan biri anspress-ə bildirib: “Təsəvvür edirsiniz, bizim ailə dividenddən 7 min manat alacaq, bu, normal bir iş yerinin birillik maaşıdır. ASC rəhbəri söz verib ki, gələn il dividendlər iki dəfə çox olacaq”.

Səhmdarlar bu uğura çox çətinliklə, baş direktorun adına xüsusi ərizə yazıb onu dividend verməyin çox vacib olduğuna inandırmaqla nail olsalar da, hər halda, bunu Azərbaycanın fond bazarı üçün ölü nöqtədən irəliyə doğru ilk sıçrayış saymaq olar. Xüsusilə də, 2008-ci ilin maliyyə böhranından sonra Azərbaycanın fond bazarında baş vermiş ciddi geriləmədən sonra bu, böyük irəliləmədir. Böhran nəticəsində Azərbaycanda fond bazarının fəal iştirakçılarının sayı kəskin azalmışdı. Əslində, Milli Depotizar Mərkəzinin məlumatına görə, Azərbaycanda 110 minə qədər səhmdar var. Amma bunların 99 faizi ASC-lərdəki paket sahibləri və yaxud onlara yaxın şəxslərdir, yəni özlərini müəssisənin tam sahibi sayan adamlardır. Qalan 1 faiz isə fond bazarının digər iştirakçılarına məxsudur və hər müəssisənin payına 20-30 nəfər belə xırda səhm sahibi düşür. Bu xırda səhm sahiblərinin də yalnız 100-ə yaxını dolanışığını səhm bazarından gələn gəlirlər, dividendlər əsasında qurur. Həmin 100 nəfər mütəmadi olaraq bazarda səhmləri alır-satır, müxtəlif ASC-lərə sərmayə yatırır, dividend tələb edir.

2008-ci il böhranından qabaq bazarda aktiv iştirakçıların sayı 300 nəfərə qədər çatırdı. Amma böhran nəticəsində ASC-lərin səhmlərinin qiyməti kəskin aşağı düşdü və bu adamlar da əllərində olan bütün səhmləri dəyər-dəyəməzinə sataraq bazardan tam çıxdılar. Alıcılar isə əsasən iri paket sahibləri və qismən də bazarda qalan oyunçular oldu. Yəni ölkədə fond bazarı yaratmaq məqsədi ilə 1997-2005-ci illərdə aparılmış özəlləşdirmə öz nəticəsini vermədi. Həmin özəlləşdirmənin məqsədi iqtisadiyyatın əsasən neftdən kənar bölməsini əhatə edən 2000-dən çox iri müəssisəni səhmdar cəmiyyətə çevirməklə inkişaf etdirmək idi. Amma nəticələr tam tərsinə oldu və özəlləşdirmə Azərbaycanı monosənaye (neft) ölkəsinə çevirdi. ASC-yə çevrilmiş iri müəssisələr sovet illərində korrupsiya nəticəsində müəyyən qədər varlanmış, amma bazar iqtisadiyyatı şəraitindən başı çıxmayan bacarıqsız adamların əlinə keçdi. Nəticədə, ASC-lər vasitəsi ilə ölkədə fond bazarının formalaşmasına və neftdən kənar bölmənin inkişafına olan bütün ümidlər sıfra endi.

Fond bazarının aktiv 100 iştirakçısından biri olan Hafiz Babalı problemi bu bazara nəzarət etməli olan qurumun, yəni Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) işini düzgün qurmaması ilə izah edir. “Biz demirik ki, indiyə kimi ölkədə dividend verən şirkətlər olmayıb, əvvəllər də dividend verən şirkətlər olub. Amma QKDK bütünlükdə iqtisadiyyatda korporativ münasibətləri formalaşması, səhmdarların hüquqlarının qorunması üçün qanunun ona verdiyi səlahiyyətlərdən istifadə etmir”,- deyə Hafiz Babalı bildirib.

Onun sözlərinə görə, indi Azərbaycanda səhmdarlar ASC-lərin nəzarət səhm paketinin sahiblərindən QKDK-ya şikayət etməyə qorxurlar: “QKDK ASC-nin rəhbərini deyil, bütövlükdə ASC-ni cərimələyir. Həmin zərər də səhm başına bölünür. Yəni xırda səhm sahibi yazdığı bir ərizəyə görə QKDK tərəfindən 50-60 manat cərimə olunur. Buna görə də artıq heç kim ərizə yazmağa risk eləmir. Nəticədə, ASC rəhbərlərinin bütün qanunsuzluqlarına göz yumulur. Məsələn, Balakəndə bir ASC-nin rəhbərliyi müəssisələri pulsuz (yalnız binaların qorunması şərti ilə) səhm paketinin sahibinə məxsus başqa şirkətlərə icarəyə verib, heç kim də ona bir söz demir. Gəlirlilik sıfırdır və səhmdarlar dividend ala bilmirlər”,- deyə Hafiz Babalı vurğulayır.

İqtisadçı ekspert, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun rəhbəri Vüqar Bayramov isə problemləri xırda səhmdarların hüquqlarının qorunması üçün qanun qəbul edilməməsində görür: “Şərqi Avropa ölkələrinin hamısında özəlləşdirmədən sonra xırda səhmdarların hüquqlarının qorunması üçün qanun qəbul edildi, bizdə isə yox. Ona görə də Azərbaycanda analoqu olmayan geriləmə baş verdi. Əgər indi dünyada firmalar hamısı korporativ idarəetmə üsullarını mənimsəyərək ASC-lərə çevrilirlərsə, Azərbaycanda nəzarət səhm paketlərinin sahibləri xırda səhmdarların hüquqlarını pozaraq ASC-ləri firmalar kimi idarə etməyə başladılar”. İqtisadçı ekspertin fikrincə, hökumət ölkədə korporativ idarəteməni gücləndirmək üçün ASC-lərə istiqamətlənmiş vergi və fəaliyyət güzəştləri tətbiq etməli, onları güzəştli kreditlərlə təmin etməlidirlər.

Vüqar Bayramovun fikrincə, ölkədə xüsusi requlyativ normativlərin tətbiqinə ehtiyac var. “Bu normativlər sırasında, məsələn, qeyd etmək olar ki, ASC-lərin idarə heyətinə nəzarət paketlərinin sahibi rəhbərlik edə bilməz, ASC-yə rəhbərlik etmək üçün iş adamının müəyyən peşəkarlıq dərəcəsi olmalıdır və s. Yəni Azərbaycanda ASC sayı elə də böyük deyil və hamısı ilə bir-bir işləmək olar. Həm də, ilk növbədə iri firmaların bazarda dominantlığının qarşısı alınmalıdır və ASC-lərin də fəaliyyəti stimullaşdırılmalıdır. Əks halda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və neftdənkənar bölmənin inkişafı baş tutmayacaq”,- deyə iqtisadçı ekspert vurğulayır.


Teqlər:





Xəbər lenti