Nazirlik qanun pozuntuları aşkarladı

Nazirlik qanun pozuntuları aşkarladı
  12 İyun 2014    Oxunub:1138
2014-cü ilin may ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və digər məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5543 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2482 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 1166 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz alınıb-satıldığı və ya dəyişdirildiyi, 932 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı, həmçinin 398 vergi ödəyicisi tərəfindən 576 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 216 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 85 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 2493 ədəd mal olduğu aşkarlanıb.

Müəyyən edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti