Britaniyada Qarabağla bağlı konfrans keçirilib

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən AzVision.az-a verilən məlumata görə, konfransda "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin mütəxəssisləri, keçmiş diplomatlar, tanınmış ekspertlər, İtaliyanın Verona, Böyük Britaniyanın Kent, Finladiyanın Karelian Universitetlərinin professor və müəllim heyəti iştirak edib. Üç gün davam edən konfransda müxtəlif mövzular ətrafında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Konfransın ikinci günündə "Qafqaz: Xarici və daxili qüvvələrin rolu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin elmi işçisi, Dr. Lövun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizması baxımından" adlı məruzəsi dinlənilib. Müəllif tədqiqat işində Böyük Britaniya mediasının Qarabağ münaqişəsinin işıqlandırılması sahəsində fəaliyyətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, nüfuzlu Britaniya nəşrləri münaqişənin işıqlandırılması prosesində qeyri-peşakarlığa və qeyri-obyektivliyə yol vermiş, daha çox səhifələrində Ermənistanın əsassız mövqeyinə yer ayırıblar. Azərbaycanın haqlı mövqeyi isə Britaniya mediasında, demək olar ki, əks olunmamışdır. Sumqayıt hadisələri haqqında təhrif olunmuş məlumatları əsas xəbər başlıqları sırasına çıxaran Böyük Britaniya mediası, Xocalı soyqırımı haqqında qısa informasiya verməklə işini bitmiş hesab etmişdir. Dr. Löv belə vəziyyətin yaranması səbəbi kimi bir neçə faktoru qeyd edib: erməni diasporasının Avropada geniş imkanlara sahib olması; Qarabağ münaqişəsinin tarixi aspektlərinin Britaniya mediası tərəfindən araşdırılmaması; münaqişənin xristian-müsəlman savaşı kimi təqdim edilməsi və s. Tədqiqat işinin yekununda müəllif qeyd edir ki, məhz Britaniya mediasının Qarabağ probleminə birtərəfli və qərəzli yanaşması nəticəsində ilk illərdə ölkə ictimaiyyətinin bu münaqişəyə baxışı daha çox Ermənistanın mövqe ilə üst-üstə düşüb.
Çıxış edən digər iştirakçılarda Britaniya mətbuatının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına münasibətinə dair fikrilərini bildirərək keçirilən tədbirin əhəmiyyətini vurğulayıblar.