Bakı Şəhər İcra Hakimiyyətində konfrans keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində konfrans keçirilib
  02 Aprel 2024    Oxunub:944
Bakı Şəhər İcra Hakimiyyətində ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, tarixçi alimlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin, din xadimlərinin, Milli Məclisin deputatlarının və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə elmi-praktiki konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfrans Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə hazırladığı “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının davamı olan 2-ci kitabın çapına hazırlıq işlərinə həsr edilib.

Tədbiri açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitabda Vətən müharibəsindən sonrakı müddət ərzində ölkəmizdə baş verən əhəmiyyətli hadisələrin obyektiv və elmi izahı dahi şəxsiyyət və sərkərdə İlham Əliyev faktoru nöqteyi nəzərindən öz əksini tapacaqdır.

Qeyd edilib ki, birinci kitab ölkəmizdə və eyni zamanda ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan 8 dildə -Azərbaycan, türk, ingilis, rus, ərəb, fars, çin və urdu dillərində nəşr edilib. Hazırda kitabın ispan və fransız dillərində tərcüməsi və çapı üzərində işlər davam edir.

Bildirilib ki, Vətən müharibəsindən keçən qısa dövr ərzində ölkədə bir sıra mühüm hadisələr, o cümlədən 2023-cü ilin sentyabr ayındakı lokal antiterror əməliyyatı və ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi, Xankəndi şəhərində keçirilən hərbi parad və digər mühüm əhəmiyyət kəsb edən prosseslər baş verib. Bu da yeni kitabın nəşr edilməsi zərurətini yaradıb.

Kitaba daxil ediləcək mövzuların təhlili və geniş fikir mübadiləsi ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin deputatları Musa Quliyev, Musa Qasımlı, Hikmət Babaoğlu, Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov və digərləri çıxış edərək çap ediləcək kitabın əhəmiyyətini qeyd etmiş, Vətən savaşında qazanılan şanlı Qələbə və sonrakı dövrə aid hadisələrin geniş təbliğinin vacibliyini vurğulamışlar.

Kitabın bu ilin sonuna kimi işıq üzü görəcəyi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti