Qəbrə qovuşmağın sevinci - 32 ildən sonra şəhid valideynlərinin qalıqları aşkar edildi

   Qəbrə qovuşmağın sevinci  - 32 ildən sonra şəhid valideynlərinin qalıqları aşkar edildi
  02 Aprel 2024    Oxunub:2650
Xəbər verdiyimiz kimi, Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu, Məhərrəmov Vaqif Cəmil oğludur. O, 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində öldürülüb.
Bununla bağlı AzVision.az -a danışan V. Məhərrəmovun qızı Vəsilə Məhərrəmova bildirib ki, Xocalıda hər iki valideynini itirən 25 uşaqdan biri olub. Soyqırım baş verən gün tək atası deyil, anası da öldürülüb.

"Martın 16-da anamın qalıqlarının DNK analizinin cavabı çıxdı. Dünən isə atamla bağlı cavabı aldıq. 32 ildən sonra valideynlərimizin nəşini dəfn edə biləcəyik. İnsan hətta buna sevinir...

Ailədə 5 uşaq olmuşuq. Xocalını tərk edəndə mənim 13, sonbeşiyimizin isə 5 yaşı var idi. Əslən Laçın rayonundanıq, amma Xankəndidə doğulub boya-başa çatmışıq. 1988-ci ildə ermənilər bizi Xankəndidən qovanda Xocalıya köçmüşük. Orada 4 il yaşadıq. Ona yaşamaq demək olmazdı, hər gün güllə atırdılar.

1991-ci ildə qohumlarımız Meşəli hadisələri zamanı şəhid olmuşdular. Ağdamda yas mərasimi keçirilirdi. Atam və anam bizi də götürüb həmin yas mərasiminə getdilər. Çox çətinliklə ora gedib çıxa bildik. Yollar bağlı olduğu üçün təyyarədən istifadə etdik. Valideynlərim yasdan sonra bizi bibimgilə qoyub Xocalıya qayıtdılar. Bibim atam və anamın geri qayıtmasını istəmirdi. Çox yalvardı, anama dedi, heç olmasa o getməsin. Anam razılaşmadı. Dedi, atamı tək qoya bilməz.

Onlar gedəndən bir neçə həftə sonra soyqırım baş verdi. Ermənilər anam və atamı qətlə yetirdilər. 32 il ərzində valideynlərim haqqında heç bir məlumat əldə edə bilmədik. Qızıl Xaç Cəmiyyətinə müraciət etdik, əsirlərdən soruşduq, gördüm deyən olmadı. Son illər qonşumuzun uşağından müəyyən məlumatları öyrənə bildik.



O uşaq anamgil öldürüləndə əsir götürülmüşdü. Həmin oğlanın verdiyi məlumata görə, anamgil ilə birlikdə zirzəmidə gizləniblərmiş. Atam isə əmimlə ermənilərə yaxın postlarda keşik çəkirmiş. Ara qarışıb, əmim atama deyib ki, anamı aparıb kənddəki tanışlarıgilə qoysun. Atam anamın dalınca gələndə ermənilər kəndə doluşub və onu evin həyətində görüb öldürüblər.

Uşaq danışır ki, daha sonra zirzəminin qapısı açılıb və erməni qışqıraraq orada kimlərin olması ilə maraqlanıb. Erməni əsgər ikinci dəfə çığıranda bunlar çölə çıxmağa məcbur olub. Qadınları və uşaqları sıraya düzüblər. O zaman uşaq atamın meyitini görüb. Atam hətta əlindəki tüfənglə erməninin birini vurubmuş.

Atamın yerdəki meyitini görən anam erməninin üstünə cumub ki, "Vaqifi öldürmüsən, məni də öldür". Anamın dayısı Akif də orada qətlə yetirilibmiş. Qadınlarımız ermənilərə deyiblər ki, icazə versinlər meyitlərini bir kənara çəksinlər, geri qayıdanda onları basdıracaqlar.

Beləliklə, ermənilər qadın və uşaqları əsir götürərək yola düşüblər. Həmin uşaqda anamın necə öldürülməsi ilə bağlı məlumat yoxdur. Belə ehtimal edirik ki, onu yolda qaçmaq istəyəndə ermənilər vurublar.

Fevralın 21-də kütləvi məzarlıq tapılanda hiss etdim ki, anam və atamın qalıqları da oradadır. Öyrəndim ki, həmin yer bizim məhlədədir, ondan sonra 100 faiz əmin oldum ki, onlardır. Biz milyon dəfə şükür edirik. Valideynlərimi birgə dəfn edəcəyik.

Bizi əmim və bibim böyütdü. Bibim 20 yaşından bizə baxdı, ailə qurmadı. Qarabağ azad olunandan sonra Ağdama getdik, bibim o yerləri gördü, həmin hadisələri xatırladı. Gələndən sonra infarkt keçirdi və rəhmətə getdi".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti