Ali Məclis Naxçıvan ombudsmanın illik məruzəsini qəbul edib

Ali Məclis Naxçıvan ombudsmanın illik məruzəsini qəbul edib
  04 Aprel 2024    Oxunub:918
Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
Toplantıda muxtar respublikanın İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi müzakirə olunub. Məruzəni Naxçıvan Muxtar Respublikasının ombudsmanı Günay Rzayeva təqdim edib.

Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli komitənin rəyini diqqətə çatdırıb.

Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi Ali Məclislə yanaşı, Nazirlər Kabinetinə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib. O deyib ki, Ali Məclisin təcrübəsində ilk dəfə olaraq muxtar respublika ombudsmanının məruzəsi müzakirədən öncə ictimaiyyətin tanışlığı üçün parlamentin rəsmi internet saytında yerləşdirilib. Ali Məclisin sədr müavini Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsinin forma, məzmun əhatəliliyi və problemlərə yanaşma baxımından dolğun hazırlanmasına görə təşəkkürünü bildirib, bunun təsisatın və Ali Məclisin işinə müsbət təsir edəcəyini, ən əsası isə vətəndaşlar üçün faydalı olacağına ümid etdiyini vurğulayıb, məruzə ilə bağlı qeyd və suallarını diqqətə çatdırıb.

Ombudsman G.Rzayeva qaldırılan suallara aydınlıq gətirib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar səsə qoyularaq qəbul edilib.

Sonra cari məsələlərə baxılıb. Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti