Milli Məclis sədri Konqo Prezidenti ilə görüşüb

   Milli Məclis sədri Konqo Prezidenti ilə görüşüb
  04 Aprel 2024    Oxunub:1033
Aprelin 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, Milli Məclisin sədri ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O inamını ifadə edib ki, bu səfər, cənab Prezident İlham Əliyevlə aparılan danışıqlar və əldə olunmuş razılaşmalar Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük təkan verəcək.

Görüşdə qeyd olunub ki, bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, mədən sənayesi, hərbi sənaye, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb.

Səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssüratlarını bölüşüb. Qonaq bu səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədlərin qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib və iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”nin tərəflərin siyasi iradəsinin göstəricisi olduğunu söyləyib.

Qarşılıqlı münasibətlərin inkişafı üçün hər iki ölkənin böyük potensialı olduğunu deyən Konqonun dövlət başçısı bu sahədə parlamentlərin də mühüm rol oynayacağını qeyd edib. Söhbət zamanı qonaq Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsi, Azərbaycanda COP29-un keçirilməsinə hazırlıq işlərinə dəstək, mədən sənayesi, kənd təsərrüfatı, ətraf mühit, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, iki ölkə arasında əlaqələrin perspektivləri barədə danışıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında əlaqələrdə mühüm əhəmiyyətindən bəhs olunub. Spiker Sahibə Qafarova Milli Məclisin Konqo Respublikasının həm Milli Assambleyası, həm də Senatı ilə əlaqələrini inkişaf etdirməyə hazır olduğunu qeyd edib. Bildirib ki, parlament üzvləri arasında təmaslar, qarşılıqlı səfərlər münasibətlərə töhfə verə bilər.

Milli Məclisin sədri deyib ki, Azərbaycan parlamenti dünyanın bir çox ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Onlardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə Hərəkatın Parlament Şəbəkəsi yaradılıb. Hazırda Azərbaycanın sədrlik etdiyi Şəbəkədə 70-dən artıq ölkə iştirak edir. Konqo parlamentinin də Şəbəkənin işində fəal iştirakı ümumi maraqlarımıza xidmət edəcək.

Konqo Respublikasının Prezidenti ölkəsinin qanunverici orqanının Azərbaycan parlamenti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəstəklədiyini vurğulayaraq, qarşıdakı dövrdə bu istiqamətdə fəal addımların atılacağına inamını ifadə edib.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz yanaşmaları barədə məlumat verərək, bəzi ölkələrin, o cümlədən Fransanın Cənubi Qafqaz regionunda sülhə maneə törətdiyini, regionda qeyri-sabitlik yaratmaq, neokolonializm siyasətini regiona gətirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Konqo Respublikasının Prezidenti isə xatırladıb ki, Afrika dövlətləri, o cümlədən Konqo uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalıb və azadlıqları uğrunda mübarizə aparıb. Bu gün Afrika ölkələri bəzi dövlətlərin hegemonluq, hökmranlıq, yerli xalqların sərvətlərinin istismar olunmasına qarşıdır. O deyib ki, indiki gərgin dövrdə sülhpərvər dövlətlərin birgə fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Ona görə də bizim ölkələrimiz istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparacağıq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Milli-Məclis   Konqo   görüş  





Xəbər lenti