İrana kömək etməyən ABŞ Tehrana qarşı siyasətini dəyişməyəcək

   İrana kömək etməyən ABŞ Tehrana qarşı  siyasətini dəyişməyəcək
  21 May 2024    Oxunub:1193
“İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra İran hökuməti kömək üçün ABŞ-a müraciət edib”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. Onun sözlərinə görə, Vaşinqton logistik səbəblərə görə Tehrana kömək edə bilməyib: “İran hökuməti kömək üçün bizə müraciət edib. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Və sonda biz bu yardımı göstərə bilmədik”.

Miller qeyd edib ki, baş verən son hadisəyə baxmayaraq ABŞ İrana, o cümlədən bu ölkənin hava nəqliyyatına qarşı sanksiyaları tam şəkildə qüvvədə saxlamaq niyyətindədir:

“Biz sanksiya rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bu baxımdan, İran hökumətinin istifadə etdiyi təyyarələr daxil olmaqla, sanksiyaları tam şəkildə həyata keçirməyə davam edəcəyik. İran hökuməti 45 illik helikopterin pis hava şəraitində uçması qərarına görə məsuliyyət daşıyır”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, ABŞ İran siyasətində hər hansı dəyişiklik gözləmir və Vaşinqtonun özü də Tehrana qarşı kursu dəyişmək niyyətində deyil: “Biz İranın davranışında hər hansı dəyişiklik gözləmirik. Və buna görə də, iranlılar, onların məsuliyyətə cəlb edilməsinə gəldikdə, Amerikanın davranışında hər hansı dəyişiklik gözləməməlidir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti