"İranda daxili qarşıdurmalar artacaq" - Politoloq

   "İranda daxili qarşıdurmalar artacaq" -    Politoloq
  22 May 2024    Oxunub:1439
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Hadisə dünya mediyasında bir sıra müzakirələrə səbəb olub. Bəziləri bunu qəza adlandırsa da, digərləri təxribat olduğunu iddia edir.

Ermənistan mediyası isə hadisəni Azərbaycanla əlaqələndirməyə çalışır.
İran prezidentinin ofisi: "Helikopter 30 saniyəyə itdi"
Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a bildirib ki, erməni mediasının yazdıqları bizim üçün önəmli deyil.

“İranda hər kəs anladı ki, qəzanın Azərbaycanla əlaqəsi yoxdur. Bu, sırf texniki nasazlıqla bağlı baş verən xoşagəlməz bir hadisədir. Hər ölkədə baş verə bilər. Bunu xüsusi qabartmağın mənası yoxdur. İranda prezident əhəmiyyətli fiqur idi. Cəmiyyətdə müəyyən addımların atılmasında rolu ola bilərdi. Amma əsas fiqur ali dini liderdir və prezident müstəqil siyasi kursa malik deyil. Bu, bir kadr itkisidir. Odur ki, İranda hər hansı dəyişiklik gözlənilmir”.

Bununla yanaşı deputat düşünür ki, İranda dinin siyasətə alət olması cəmiyyət içərisində müəyyən problemləri şiddətləndirə bilər:

“Çünki dinin siyasətə alət olunması heç bir ölkəyə uğur gətirməyib. Bu baxımdan İran da istisna deyil”.

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, müxtəlif təxribat xarakterli üsullarla Fransa, ABŞ və İsrail bölgədə qarşıdurma yaratmaq istəyir:

“İsrailə lazımdır ki, diqqəti Qəzzadan törətdiklərindən yayındırsın. Fransaya lazımdır ki, xarici siyasətdə Azərbaycana uduzduqlarının əvəzini çıxsın. ABŞ-a isə lazımdır ki, Qafqaza girsin, eləcə də Azərbaycan-İran münasibətlərinin yaxınlaşmasına mane olsun. Bütün bunların fonunda bu dövlətlərdən verilən açıqlamalar, bəyanatlar siyasi xarakterlidir.

Son zamanlar Azərbaycanla İranın münasibətləri həddən artıq irəliləmişdi. Rəisi qəzaya düşdüyü gün bəyan etdi ki, Qarabağın, Şərqi Zəngəzurun bərpasında iştirak etmək istəyirlər. Əgər ermənilərin dediyi kimi təxribat varsa, deməli təxribatı özləri və ya onların arxasında duran Fransa törədib”.

Politoloqun fikrincə, İranda baş verən proseslər ölkədə daxili qarşıdurmaya təkan verəcək:

"Vəziyyətin gərginləşəcəyini öncədən proqnozlaşdırmaq olar. İranda məsələləri mollalar həll edir. Seçki demokratik görüntü yaratmaq xatirinə həyata keçirilən bir missiyadır. İran konstitusiyasına görə artıq iyunun 28-nə prezident seçkiləri təyin olunub. Bu müddət ərzində vitse-prezident prezidenti əvəz edir.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə İranın Ali Rəhbəri Əli Xameneyinin münasibətlərində bir gərginlik var. İranın əvvəlki xarici işlər naziri Məhəmməd Cavad Zərif də prezident ola bilər. Kifayət qədər peşəkar bir diplomatdır. Əslində Xameneyi kimi istəsə, o da prezident olacaq. İran mətbuatı isə Xameneyi ilə Rəisi arasında münasibətlərin gərginliyindən yazır”.

Həmidə İbrahimova

AzVision.az




Teqlər:   İran   İbrahimRəisi  





Xəbər lenti