Dünyanın varlı ailələri nəyi ən böyük risk sayırlar?

   Dünyanın varlı ailələri nəyi    ən böyük  risk    sayırlar?
  23 May 2024    Oxunub:1228
Müxtəlif ölkələrin hökumətlərinin milyarderlərin qazancları hesabına büdcə gəlirlərini artırmaq səyləri fonunda, super varlıların əksəriyyəti münaqişlər və iqlim dəyişiklikləri ilə müqayisədə vergilərin artırılmasını qarşıdakı beş ilin ən böyük riski kimi qiymətləndirirlər.
AzVision.az “Bloomberg” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ və Cənub-Şərqi Asiyadakı milyarder ailələr, sərvətlərini idarə etmək üçün “dünyanın ən zəngin klanları” tərəfindən yaradılan ailə ofisləri – şirkətlər üzrə “UBS Group AG”nin sorğusuna əsasən, vergi artımını növbəti beş il ərzində ən böyük risk adlandırıblar.

“UBS Qlobal Ailə Ofisi”nin bu ilin yanvar-mart aylarında keçirilən illik sorğusunda 320 respondent iştirak edib ki, onların da sayı bir il əvvəl rəyi soruşulanlardan 90 nəfər çoxdur (ötən il 230). Hər bir iştirakçı ailənin orta xalis gəliri 2,6 milyard dollardır.

Sorğunun nəticələrinə görə, ABŞ-da respondentlərin 73%-i və Cənub-Şərqi Asiyada 59%-i növbəti beş il ərzində vergi artımını əsas risk adlandırıb.

Bir neçə cavab variantının seçilməsi təklif olunan sorğuda ABŞ-da ailə ofislərinin 55%-i və Cənub-Şərqi Asiyada 52%-i tərəfindən böyük geosiyasi münaqişə ən əsas risk kimi qiymətləndirilib.

Ötən ilin oktyabrında İsraillə HƏMAS arasında minlərlə insanın, xüsusən də uşaqların məhvinə səbəb olan müharibənin başlamasına baxmayaraq, respondentlərin 57%-i Yaxın Şərqdə yaxın 5 ildə əsas risk kimi “maliyyə bazarlarının böhranı”nı sayırlar. Yalnız rəyi soruşulanların yarıdan Münqaişələri risk kimi görür.

Amma Avropada yanaşma xeyli fərqlidir. Belə ki, burada respondentlərin təqribən 71%-i məhz geosiyasəti növbəti beş ildə ən böyük risk hesab edir, ikinci yerdə iqlim dəyişikliyi problemi dayanır. Ümumilikdə, araşdırma göstərir ki, bütün bölgələrdəki ailə ofisləri həm növbəti 12 ay, həm də beş il ərzində siyasətə əsas risklərdən biri kimi baxırlar.

“Bloomberg” qeyd edir ki, bu sorğu ABŞ prezidenti Co Baydenin təklif etdiyi “milyarderlərdən minimum vergi”dən tutmuş, Sinqapurun əmlak və avtomobil tariflərini yüksəltmək səylərinə qədər bütün dünyada hökumətlərin “super zənginlərdən” alınan gəlirləri artırmaq səyləri fonunda keçirilib.

Bayden hələ 2022-ci ildə milyarderlərin gəlirlərinə minimum 20% vergi tətbiq etmək təklifini verməklə yanaşı, ildə 1 milyard dollardan çox mənfəəti olan korporasiyalar üçün 15% vergi tutulması qanununu təsdiqləyib. Bu ilin martında “Bloomberg”in yazdığına görə isə, ABŞ prezidenti super varlılardan tutulan vergilərin faiz dərəcəsini 21%-ə çatdırmağı planlaşdırır.

Sahilı İsgəndərov
AzVision.az


Teqlər: Milyarderlər   risklər  





Xəbər lenti