Türkmənistanda COP29-un təqdimatı keçirilib

Türkmənistanda COP29-un təqdimatı keçirilib
  29 May 2024    Oxunub:1088
Azərbaycanın Türkmənistandakı səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyətindən söhbət açıb. Həmçinin AXC-nin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub.

Səfir çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan enerji layihələri, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Bakı-Tbilisi-Qars dəmiryolu, habelə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək elektrik enerjisi kimi böyük beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib.

Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyi, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirildiyi vurğulanıb.

Diplomat Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Ermənistana sülh sazişi təklif etdiyini diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyini və sərhədlərin delimitasiya prosesi aparıldığını vurğulayıb. Regionda münaqişənin başa çatması ilə ilk növbədə, nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini bildirib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir əlaqələrin intensiv xarakter aldığını vurğulayıb, ötən il ticarət dövriyyəsinin 75 faiz artaraq 800 milyon dollara çatdığını deyib. Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər gördüyünü vurğulayan səfir, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini bildirib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş ölkə olmasının əyani sübutu olduğunu vurğulayıb.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Batır Atdayev çıxış edərək, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Bildirib ki, xalqlarımız arasındakı əlaqələr tarixi köklərə əsaslanır, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlıq sürətlə inkişaf edir.

Ziyafət Azərbaycan musiqisinin sədaları altında davam edib və ölkəmizlə bağlı videoçarxlar, habelə COP29-a dair loqolar, təqdimatlar nümayiş olunub. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri və şirniyyatları təqdim edilib.

Eyni zamanda, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendi altında məhsullar nümayiş etdirilib. Azərbaycanın COP29.az və azerbaijan.travel saytları ilə bağlı bannerlər də sərgilənib.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti