Münsiflər heyəti Trampı təqsirli sayıb

   Münsiflər heyəti    Trampı təqsirli    sayıb
  31 May 2024    Oxunub:1422
Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampın maliyyə hesabatlarını saxtalaşdırmaqda təqsirli olması barədə verdikt çıxarıb.
AzVision.az BBC nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, münsiflərin qərarı çıxarılan zaman bütün 34 bənd üzrə təqsirli bilinən Donlad Tramp və onun vəkilləri məhkəmə zalında olublar.

2016-cı il seçkiləri öncəsi porno-aktrisa Stormi Danielsə 130 min dollar ödədiyini seçicilərdən gizlətmək üçün qeydləri saxtalaşdırmaqda ittiham olunan Donald Trampın cinayət işi üzrə Nyu-Yorkda məhkəmə iclasları mayın 29-da başa çatıb.

Daniels 2006-cı ildə Trampla cinsi əlaqədə olduğunu və bu barədə susması üçün prezidentin keçmiş vəkili Maykl Koenin ona pul ödədiyini iddia edib. Günahını, eləcə də Daniels ilə cinsi əlaqəтш boynuna almayan Tramp bu prosesi prezident seçkiləri ərəfəsində cadugər ovu adlandırıb. Münsiflər heyətinin dünənki qərarından sonra da ABŞ-nin sabiq prezidenti qanunu pozmadığını və bu addımların gələcək prezident seçkiləri ilə bağlı olduğunu bəyan edib.

“Mən sadəcə saxta siyasi cadugər ovunda günahkar bilindim. Mən heç bir səhv etməmişəm. Mən tamamilə günahsızam. Bütün bu proses vicdansız və dəhşətli idi. Əsl hökmü ABŞ vətəndaşları noyabrın 5-də verəcək. Sizin köməyinizlə biz Ağ Evi geri alacağıq və Amerikanı yenidən möhtəşəm edəcəyik” , - Donald Trampın seçkiqabağı kampaniyasının saytında yerləşdirilmiş müraciətdə deyilir.

Həmin çağırışı “siyasi məhbus” başlığı ilə Trampın fotosu müşayiət edir. “Siyasi məhbus”un yenidən Ağ Evə qayıtmasını dəstəkləmək üçün istifadəçilərə birdəfəlik və ya aylıq ianənin istənilən məbləğini seçmək təklif olunur.

Onun sekiqabağı kampaniyasının qərargahında isə bildirilib ki, münsiflər heyətinin verdiktinə rəğmən, Tramp Respublikaçılar Partiyasının prezidentliyə namizədi olaraq qalır.

“Donald Trampı Oval kabinetdən kənarda saxlamağın yalnız bir yolu var: seçki qutusu vasitəsi ilə”, - orada vurğulayıblar.

Eyni zamanda Nümayəndələr Palatasının spikeri Mayk Conson və eks-prezidentin tərəfdarları münsiflər heyətinin qərarını tənqid ediblər.

“Bu gün Amerika tarixində utancverici bir gündür. Trampın məhkəməsi hüquqi yox, sırf siyasi hadisədir” , - Conson münsiflər heyətinin qərarına münasibət bildirib.

Digər yüksək vəzifəli respublikaçı konqresmenlər də bu hökmü tənqid ediblər.
Lakin Donlad Trampın yenidən prezident seçilməsini əngəlləmək üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışan demokratların Konqresdəki təmsilçiləri münsiflər heyətinin ona qarşı çıxardıqları verdikti alqışlayıblar.

Hakim Xuan Merçan münsiflərin təqsirli bildiyi Trampla bağlı məhkəmə qərarının çıxarılması prosesinin iyulun 11-nə təyin edildiyini açıqlayıb. İyulun 15-18-də isə Respublikaçılar Partiyasının Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək milli qurultayında Tramp bu partiyadan prezidentliyə namizəd kimi təsdiqlənməlidir.

Məhz bu tədbirdən bir neçə gün əvvəl məhkəmənin sözügedən işlə bağlı qərar çıxarmağa hazırlaşması bir çox pərdəarxası məqamlardan xəbər verir. Bu baxımdan, Donald Trampın bütün bu işlərdə Co Bayden administrasiyasını ittiham etməsi heç də təsadüfi deyil.

“Bunu Bayden administrasiyası siyasi rəqibinə zərər vermək üçün edib. Düşünürəm ki, bu, sadəcə, biabırçılıqdır və biz sona qədər mübarizəyə davam edəcəyik və qalib gələcəyik, çünki ölkəmiz cəhənnəmə çevrilib. Bu, ilk gündən münaqişəli bir hakimin iştirakı ilə və aparılmasına əslində icazə verilməməli saxta bir işlə bağlı saxta qərar idi. Amma biz ölkəmiz, konstitusiyamız üçün mübarizə aparacağıq”, - Tramp deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   məhkəmə  





Xəbər lenti