30 minə kirayə verilən bağ evləri - Bu yay da qiymətlər "əl yandıracaq"

      30 minə kirayə verilən bağ evləri    - Bu yay da qiymətlər "əl yandıracaq"
  05 İyun 2024    Oxunub:956
Yay mövsümünün gəlişi kirayə bağ evlərinə tələbatı artırır. Kirayə verənlər hər il olduğu kimi bu il də bağ evlərinə əl gəzirib, müştərilərin müraciətlərini gözləyirlər. Paytaxt sakinləri isə artıq Bakı ətrafında və rayonlarda ciblərinə münasib mövsümi evlərin qiymətləri ilə maraqlanırlar.
Bəs bu yay kirayə verilən mövsümi evlərin qiymətlərində artım olacaqmı? Ümumiyyətlə, belə obyektlərin qiyməti kirayə verənlər tərəfindən necə tənzimlənir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, hər il may və iyun ayının əvvəli iş adamları əmlaklarını bazara çıxarır və qiymətlərlə bağlı ilkin fikirləri öyrənirlər.



“Qiymətləri müraciətlərin sayına uyğun olaraq tənzimləyirlər. Yəni, qiymət təlabata uyğunlaşdırılır. Sahibkar artıq bilir ki, evini neçəyə kirayə verə bilər.

Pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürülürdü. Tələbat çox olduğundan bir çox iş insanları bu sahəyə investisiya yatırmağa başladılar. Bunun nəticəsində kirayə verilən bağ evləri artdı. Eyni zamanda bahalı evlərin sayı çoxaldı. Əgər əvəllər kirayə verilən mövsümi evlərin maksiumum qiyməti 10-15 min manat idisə, indi 30 min manata da evlər var.

Elə insanlar var ki, fantastik üslubda bağ evi tikdirirlər. Onlar bir neçə il qaldıqdan sonra yorulurlar və məcburən həmin evləri baha qiymətə kirayə verirlər. Elə şəxslər də var ki, məhz kirayə vermək məqsədi ilə bağ evi tikir”.

E. Azadov bildirir ki, Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi yerlərə tələbat həmişə yüksək olur.

“Dənizə yaxınlıq, infrastrukturun yaxşılığı, hovuzun olması artıq üstünlük deməkdir.
Qəbələ və İsmayıllı zonası bu il yolun təmirinə görə bir o qədər də aktiv olmayacaq. Bu ərazilərdə bu yay qiymətlər bir az aşağı ola bilər”.



Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc saytımıza açıqlamasında deyib ki, bu tip obyektlərin kirayə qiymətləri mövsümi xarakter daşıyır.

“Hər yay əvvəlki ilə nisbətən qiymətlərin 10-15 faiz artdığını müşahidə edirik. Bu da ondan irəli gəlir ki, əhalinin müəyyən bir hissəsi yay dövrünü bağ evlərində keçirmək istəyir. Ona görə də tələbat artır.

Pandemiyadan əvvəl bağ evlərinin bir aylıq kirayəsi orta hesabla 1500-2000 min arası idisə, sonrakı dövrdə qiymətlərdə 20-25 faiz artım oldu.

İndi zövqlər də dəyişir. Əvəllər dənizə yaxın və yaxşı havası olan yerlər seçilirdisə, hazırda tələblər artıb.

Hovuzların, futbol meydançalarının olması istənilir. Bu evlər isə olduqca bahadır, amma onların da öz müştəriləri var.

Düşünürəm ki, ümumilikdə ötən ilə nisbətən qiymətlər çox artmayacaq. Biznes maraqları özünü biruzə verir. Rəqiblər çoxdur, müştəriləri itirməmək üçün müəyyən güzəştlərə gedirlər. Elə bağ evləri var ki, onların aylıq kirayə qiyməti 3 və ya 4 min arası olur. Bir günlük kirayə bağ evləri isə 150-200, uzağı 300-400 manata başa gəlir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti