Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyalar və texnologiyaların təşviqi, qlobal cəmiyyət üçün sağlamlıq sistemlərinin inkişafı, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətlərin müəyyən edilməsidir. Həmçinin təhsil və sosial rifah sahəsində əldə olunmuş yeni naliyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı ən son tendensiyaların müzakirəsi əsas hədəflərdir.
Öncə Azərbaycan-BƏƏ əməkdaşlığına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Al Rumi açılış nitqi ilə çıxış ediblər.
Sonra Azərbaycan və BƏƏ hökümətinin müxtəlif sahələr üzrə dövlət rəsmilərinin çıxışları və təqdimatları baş tutub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.
Forumun ikinci günündə qeyd olunan mövzular üzrə müzakirələrin davamı əsasında paralel sessiyaların təşkili nəzərdə tutulur.
Xatırladaq ki, 28 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət” təcrübəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşılması, dövlət xidmətləri, müvafiq sahə üzrə potensialın artırılması, xidmətdə mükəmməllik, könüllülük təcrübəsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də BƏƏ-nin Kabinet İşləri Nazirliyi tərəfindən idarə olunan “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycan tərəfi ilə paylaşılması nəzərdə tutulur.
AzVision.az