Həbsdə olan fransız Əliyevə yazdı: Cahillik etmişəm!

   Həbsdə olan fransız Əliyevə yazdı:       Cahillik etmişəm!
  11 İyun 2024    Oxunub:799
Fransa vətəndaşı, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan qraffiti rəssamı Teo Klerk (Theo Clerc) Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb
AzVision.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov paylaşım edib.

38 yaşı olduğunu bildirən, müxtəlif film və marka modaları üzərində çalışdığını deyən Klerk bu müraciətlə Prezident və Birinci vitse-prezidentdən yardım xahiş edib:

“Mart ayında Bakıya səfər etmək qərarına gəldim, çünki Azərbaycan Qafqazda olmadığım sonuncu ölkə idi və bu mənə çox maraqlı idi. Mən iki dostumla birlikdə Bakıya gəldim və bir gecə metronu rəngləmək kimi axmaq bir fikir ağlımıza gəldi. Bizi həbs etdilər, dostlarımı buraxdılar, amma mən məhkəməni gözləmək üçün tək təcridxanaya göndərildim. Mən səhv etdiyimi, bunun qanunsuz olduğunu artıq bilirəm. Lakin bu işin hamı tərəfdən tanınacağını və bu qədər ciddi qəbul ediləcəyini heç düşünməmişdik.

Məqsədimiz heç kimi incitmək deyildi. Biz heç nəyi məhv etmədik və ya zədələmədik və ertəsi gün rəsmlər təmizləndi. Fransada metroda qraffiti istifadəçilər üçün gündəlik bir şeydir və insanların çoxu buna əhəmiyyət vermir. Bu barədə kamera yoldaşlarımla danışana və ölkələrimiz arasındakı mədəniyyət fərqini başa düşənə qədər bunun mənfi təsirini dərk etməmişdim.

Düşündüm ki, Qarabağda münaqişə başa çatıb, atəşkəs sülh yolu ilə bərpa olunub. Amma xəbərlərdə görürük ki, hələ də erməni ekstremistləri tərəfindən sülh təhdid altındadır. Mən bir fakt bilirəm ki, Qarabağ Azərbaycanındır, o vaxt yazıçımız Aleksandr Düma da Qarabağa səfər edib. Şuşa tarixi ilə bağlı sizin çıxışlarınızı və müsahibələrinizi də dinləmişəm. Mən başqa bir kitabda erməni transmilli terrorizmi, dağıntılar və törətdikləri bütün vəhşiliklər haqqında öyrənmişəm. İndi başa düşürəm ki, mənim rəsmim insanların beynində qorxulu fikirlər oyandırıb. Buna görə utanıram və həqiqətən təəssüflənirəm.

Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də, cinayətkar da deyiləm, sadəcə sənətkaram.

Artıq iki aydır həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir.

Xahiş edirəm, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, məhkəməm olana qədər azadlıqdakı dostlarıma qoşulmağa kömək edin. Həyatımın bu səhifəsini çevirməyə ehtiyacım var. Özümü bağışlatmaq üçün təşkil edə biləcəyim çoxlu bədii layihələr haqqında fikirlərim var, lakin həbsxanada tamamilə faydasız oluram. Mən istedadımı hamının xeyrinə müsbət və məhsuldar şəkildə istifadə etmək istəyirəm.

Ümid edirəm ki, məni başa düşəcəksiniz və cahilliyimi bağışlayacaqsınız”.

Qeyd edək ki, metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı Klerk 2 apreldə məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs edilib, onun iki yoldaşına isə həbs olmayan qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti