Tədbirin açılışında Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizlə İndoneziya arasındakı mövcud xoş münasibətlərə toxunub. Dövlət Agentliyinin sədri xidmətlərin effektivliyinin artırılması və vətəndaş məmnunluğuna nail olunması istiqamətində İndoneziyada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən mərkəzlərin önəmini qeyd edib. O, bundan sonra da yeni mərkəzlərin yaradılmasında İndoneziyanın şəhər və vilayətlərinə dəstəyə hazır olduğunu qeyd edib.
Sonra Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “ASAN xidmət” konsepsiyası və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib.
“ASAN xidmət” təcrübəsinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığını qeyd edən Dövlət Agentliyinin nümayəndəsi hazırda Azərbaycan modelinin İndoneziyada uğurla tətbiq olunduğunu diqqətə çatdırıb.
Forum çərçivəsində İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyinin və Banyuvangi vilayətinin nümayəndələri də çıxış ediblər.
AzVision.az