Polşa saytı Azərbaycandan yazdı

Polşa saytı Azərbaycandan yazdı
  08 İyul 2014    Oxunub:2121
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Polşanın Təhsil və İnkişaf üzrə Avropa Fondu "Mədəniyyətlər arasında körpülərin qurulması" layihəsinə uyğun olaraq bu ölkənin məşhur turizm portalında Azərbaycan haqqında məqalə yayımlanıb.
Etraveller.pl Polşanın turizm sahəsində fəaliyyət göstərən ən böyük internet saytlarından hesab edilir. Azərbaycanın zəngin mədəniyyəti və tarixindən, eləcə də müasir inkişafından bəhs edən "Azərbaycan odlar yurdu" məqaləsinin həmmüəllifləri Piotr Gabrionçik, Katarina Kulaga və Tomaş Pjiçodjiendir.

Azərbaycanın Avropanın bir çox guşələrindən daha cəlbedici, maraqlı və gözəl təbiətə malik olduğunu bildirən müəlliflər çoxlarının bundan xəbərsiz olduğunu qeyd edirlər. Məqalədə əsrlər boyu Azərbaycanın Avropa və Asiya arasında körpü rolu oynaması və bu məkanın insanlarının çox tolerant olduğu qeyd edilir. Eyni zamanda, yazıda ölkəmizin ekzotik şərq mühitini duymaq üçün əlverişli olduğu vurğulanır.

"Azərbaycan odlar yurdu" məqaləsində həmçinin polşalı mühəndislər Vitold Zqlenitski və Paul Potoskinin XIX əsrin sonlarında ölkəmizin neft sənayesinin inkişafında oynadığı roldan və onların adının əbədiləşdirilməsindən də bəhs edilir.

Şərqdə ilk teatr və operanın məhz Azərbaycanda yarandığını vurğulayan həmmüəlliflər muğamın əsrarəngiz incəsənət növü kimi YUNESKO tərəfindən qeyri-maddi irs nümunəsi kimi qeydiyyata alındığını qeyd edirlər.
Məqalədə oxuculara Qobustan qoruğu, dulusçuluq, oymaçılıq, tikmə sənəti, Azərbaycan mətbəxinin növləri haqqında da məlumatlar verilir.

Qeyd edək ki, Şuranın dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində 13 iyul 2014-cü ildə Polşanın paytaxtı Varşavanın "Mito" qallereyasında Azərbaycana həsr olunan fotosərgi və layihənin təqdimatı keçiriləcək.


Teqlər:





Xəbər lenti