“Qarabağa qayıdanlar üçün ekoturizmə dair maarifləndirici layihələr həyata keçirilməlidir”

“Qarabağa qayıdanlar üçün ekoturizmə dair maarifləndirici layihələr həyata keçirilməlidir”
  22 İyul 2024    Oxunub:853
Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahov: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi azad edilmiş ərazilərdə çaylara nəzarəti gücləndirməlidir ki, insanlar “tok” və digər qanunsuz vasitələrlə alabalıqların kökünü kəsməsinlər”
İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdən sayılır. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır.

Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.
Müsahibimiz Bakı Dövlət Universitetinin (BDU) Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının dosenti, Azərbaycan Ekoturizm Assosiasiyasının həmtəsisçisi Vüqar Dərgahovdur.
- Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

-Azad olunmuş ərazilərin özünəməxsus təbii xüsusiyyətləri var. Bu torpaqlar özünəməxsus mikroiqlim şəraitə, eyni zamanda flora və faunaya, geoloji geomorfoloji quruluşa malikdir. Bundan başqa bölgədə zəngin hidroloji resurslara və sıx çay şəbəkəsinə da rast gəlinir. Region vandalizmə məruz qalsa da, özünübərpa xüsusiyyətlərinə malikdir. O cümlədən bölgənin əlverişli təbii coğrafi şəraiti özünübərpanın daha tez başa çatmasına imkan verə bilər. Regionda təbii coğrafi xüsusiyyətlərinə görə seçilən müxtəlif təbiət abidələrinə özünəməxsus mineral və termal su mənbələrinə rast gəlinir. Bundan başqa, Laçında nadir qırmızı yarpaq palıd ağacı da var. Ümumiyyətlə region olduqca zəngin meşə landşaftına malikidir. Bu, ən çox da Kəlbəcər, Laçın yeni bərpa olunan Ağdərə rayonunda, eyni zamanda Xocavənd ərazisi, Şuşa ətrafında özünü büruzə verir. Meşə landşaftı vandalizmə məruz qalsa da, özünü qoruyub saxlaya bilib. Bölgəyə son səfərlərimiz zamanı bütün bunları aşkar gördük. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də burada müxtəlif tədbirlər həyata keçirir. İlk növbədə həmin resursların qiymətləndirilməsi aparılır, regionun monitorinqi həyata keçirilir. Monitorinq başa çatdıqdan sonra isə regionda olan bütün təbii ekoloji şəraitin qorunmasına xüsusi olaraq önəm veriləcək. Ehtimal ki, burada geniş ərazidə milli parkların yaradılması planlaşdırılacaq. Bu tədbirlər isə ərazilərdə təbii resursların, təbii ekoloji şəraitin qorunmasına imkan verəcək.

-Milli parklar ekoturizmin inkişafını daha da surətləndirə bilərmi? Ümumiyyətlə hansı ərazilər milli park və ya qoruğa çevrilə bilər?
-Milli parkların yaradılması gələcəkdə insanların onlardan ekoturizm məqsədilə istifadə etməsinə də şərait yarada bilər. Bu baxımdan bölgədə ən çox maraq kəsb edən və seçilən ərazilərdən biri Kəlbəcərdir. Bu rayonun böyük və kiçik ala göllərinin ərazisi bu mənada seçilir. Bundan başqa, Zülfüqarlı kəndi və onun ətraf əraziləri, Zar kəndi, İstisunun da adını çəkmək olar. Həmçinin Şuşanın özü, Turşsu ətrafı meşələri, Daşaltı meşələri, Topxana meşələrinin qalıqları olan əraziləri də bu sıraya qatmaq olar. Həmçinin Hadrut qəsəbəsi və ətrafı, Tuğ, Tağlar, Azıx da bu siyahıdadır.

Kəlbəcərdən başqa Laçın da potensiala malikdir. Laçının Minkənd ərazisi, o cümlədən bu rayonda olan xüsusi palıd meşələri, Zəngilanın Bartaz və Qaragöl ətrafındakı ərazilər daha zəngin təbii xüsusiyyətlərə malikdir. Geniş milli parkların yaradılmasında bu amillər nəzərə alınacaq. Ehtimal ki, Dövlət Turizm Agentliyi tərəfindən artıq regionda turizm rekreasiya zonalarının yaradılması da planlaşdırılır. Kəlbəcərdə, Tuğ kəndində dövlət tarixi mədəniyyət qoruğu yaradıla bilər. Bir sözlə, milli parkların yaradılması istiqamətində işlər gedir. Artıq Daşaltı yasaqlığının bərpası onun statusu haqqında Nazirlər Kabinetinin 2024-cü ildə qərarı oldu. Gələcəkdə burada, xüsusən də Laçında Laçın-Qubadlı, Daşaltı, Arazboyu yasaqlıqlarının bərpası da mümkündür. Qaragöl, Bəsitçay dövlət təbiət qoruqlarının bərpası bu istiqamətdə mühüm addımlardan olar. Gələcəkdə milli parkları planlaşdırarkən geoloji parkların, biosfer parklarının və ya qoruqların yaradılması mümkündür.

-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Regionda yaşıl artım prinsipi ilk növbədə ətraf mühitin qorunmasına əsaslanmalıdır. Çünki regionda bu gün artıq kütləvi şəkildə məskunlaşma işləri aparılır. Məskunlaşma işləri ilə yanaşı bu torpaqlar işğaldan azad olunandan sonra artıq yay otlaqlıqları kimi də geniş istifadə olunur. Bu baxımdan regionda mütləq milli parkların, və ya xüsusi mühafizə zonalarının yaradılması ətraf mühitdən səmərəli istifadə etmək üçün ilk növbədə ərazinin ekoloji yüklənməsi nəzərə almaq vacibdir. Ekoloji yüklənmə xüsusən də yay otlaqlıqlarında nəzərə alınmalıdır. Yüklənmə bu otlaqlıqlarda normaya uyğun tənzimlənməlidir. Regionda çaylarda balıqların, fauna növlərinin qorunması məsələsi də var. Bu da vacib məsələdir. Burada vacib tələblərdən biri mövcud faunanın qorunması üçün həmin ərazilərin milli parklar şəklində formalaşdırılıb qorunmasıdır. Gələcəkdə burada yaradılacaq turizm rekreasiya zonaları ilk növbədə təbiətə əsaslanan ətraf mühitə əsaslanan bir rekreasiya sahələrindən ibarət olması vacibdir. Belə olduğu halda həmin regionun həm turistik potensialından istifadəyə imkan verə bilər həmçinin bölgədə ətraf mühitin qorunmasına daha yaxşı şərait yarada bilər. Burada müxtəlif təcrübələr var. Məsələn beynəlxalq təcrübələr var ki, bunlardan yararlanmaq mümkündür. Milli parklar məsələsində həm Türkiyə, həm də Kanada təcrübələrindən yararlana bilərik. Bu ərazilərin milli parklar, o cümlədən planlaşdırılan yaşayış məntəqələri təbiətə inteqrasiya olunmuş şəkildə olmalıdır. Yəni təbiəti dəyişmədən ona daha çox uyğunlaşmış formada yaradılması vacibdir. Məsələn, Laçın. Şəhərdə təbiəti dəyişmədən bərpa işləri aparılıb. Bu proses müsbət hal kimi qeyd olunmalıdır. Milli parklar, qorunan ərazilərin Türkiyə təcrübəsində olduğu kimi turistlər üçün tamamilə qapalı olan ərazilər olmalıdır. Orada elmi-tədqiqat işləri, müəyyən monitorinq işləri aparılması üçün istifadə olunmalı, eyni zamanda turist cığırları, müəyyən olunmuş turist marşrutları milli parkların ərazində və ya ətrafında planlaşdırıla bilər. Turizm rekreasiya zonaları daxilində bunu daha səmərəli etmək mümkündür. Çünki burada həm ərazinin mövcud potensialının qiymətləndirilməsinə üstünlük verilə bilir və potensiala uyğun müvafiq turizm infrastrukturu qurulur. Bu infrastruktur da həmin ərazinin ekoloji yüklənmə səviyyəsinə uyğun aparılması həm əlavə gəlir gətirməyə eyni zamanda bu ərazinin təbii şəraitinin qorunmasına imkan verərdi.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?

- İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunması gələcəkdə regionun əsas prioritet istiqamətlərindən biri olan ekoturizmin, ümumiyyətlə turizmin inkişafına səbəb ola bilər. Çünki regionda həm etnomədəni, ekomədəni turizm eyni zamanda aqroekoturizm imkanları həmçinin də rekreasiya və dağ, qış turizminin müxtəlif növlərinin inkişafı üçün əlverişli şərait var. Məsələn, burada həm sağlamlıq turizmi nöqteyi-nəzərindən bəzi yerlər qeyd etmək olar. Kəlbəcərin İstisu, Zülfüqarlı kəndi, Laçın Minkənd, Şuşanın Turşsu ərazisi. Yaxud da etnomədəni turizmə dair misallar kimi Şuşa şəhəri, Tuğ, Azıx mağarasını göstırmək oalr. Hansı ki, həm spella, həm də mədəni turizmin inkişafı üçün əlverişli ərazilərdən sayıla bilər. Ağdamda Şahbulaq qalası və onun ətraf əraziləri mədəni irs baxımından daha çox cəlbedicidir. Eyni zamanda alban xristian abidələri arxeoloji abidələr, islam dövrünə aid olan abidələrin cəmləşdiyi ərazilərdə etnomədəni turizmin inkişafı üçün əlverişli şərait var. Regionda qış turizmi imkanları da var ki, burada daha çox Laçın və Kəlbəcər rayon ərazilərinə düşür. Burada qar örtüyünün qalınlığı əsasən qış turizmi üçün normalara uyğun olur-30 santimetrdən çox. Eyni zamanda 2 min metrdən yuxarı olan ərazilərdə qalın yerdə qalma müddəti 90 gündən artıq vaxtı aşırsa, bu iqtisadi cəhətdən rentabelli sayılır. Burada isə minimum 100 günü keçir. Bu baxımdan dağ turizmi, xüsusən xizək turizmi üçün əlverişlidir. Digər tərəfdən regionda spella turizmi üçün də imkanlar açılır. Tağlar, Azıx, Zar, Xan mağaralarını yada sala bilərik. Ekoturizm fəaliyyətlərinin digər istiqamətlərindən biri üçün kanyonik və bir də parafalik turizmi üçün şərait var. Hava şarı, zipplayn üçün əlverişli şərait var. Şuşadakı dərin kanyondan zipplayn təşkili mümkündür. Ekoturizm baxımından açıq hava turizmi mənada seçilən ərazilərdən haykinq və trikinq də var. Yəni piyada turzim marşrutları daha çox cəlbedici ola bilər. Burada müxtəlif istiqamətlər var. Məsələn, Ziyarət dağına, Xocavəndə Tuğdan getmək olar. Bundan başqa, Sarıbaba dağı, Kəlbəcərdə yaylaqlara belə turizm marşrutların təşkil etmək mümkündür. Ekoturizmin tərkib hissəsi olan fotosafari imkanları var. O cümlədən ərazilərin geoloji quruluşun mürəkkəbliyi burada geomorfoloji geoloji bir təbiət abidələrinin təqdim olunduğu ekoturizm marşrutu yaratmaq mümkündür. Çünki bölgədə absediant, avitinlər və müxtəlif qayalar var. Buradakı çaylarda saf suların olması cəlbedici raftinq turizmi üçün cəlbedici ərazilərdir. Kütləvi raftinqlərin keçirilməsi üçün Həkəri çayı çox idealdır.

Biz bu ərazilərdə olanda həm Zabux çayı, həm Həkəri çayında bunu təşkil etməyin effektiv olduğunu gördük. Cəlbedicilik baxımından Balkan ölkələri və Türkiyədəkilərdən geri qalmaz. Eyni zamanda regionda fotosafari dediyimiz balıqçılıq üçün də əlverişlidir. Vaxtilə ermənilər Kəlbəcərə turlar təşkil edirdilər və onun adını, “təbii qızıl balığın ardınca” qoymuşdular. Bura gələnlər özləri üçün Tutqun və digər Kəlbəcər çaylarında balıq tuturdular. Ağdaban çayı da buna uyğundur və belə turlar təşkil etmək mümkündür. Amma bir şərtlə ki, həmin balıqlar orada məhv edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu nəzarətə götürməlidir ki, insanlar “tok” və digər qanunsuz vasitələrlə o qızıl balıqların kökünü kəsməsinlər.

- Bəs ekoaqroturizm? Bu istiqamətdə olan potensialı necə dəyərləndirisiniz?

- Ekoaqroturizm üçün də əlverişli şərait var. Həm yaylaqlara getmək, həm də burada qalmaq imkanı var. Bu istiqamətdə qastronomik turizm təqdim edə bilərik. Ehtimal ki, gələcəkdə yaylaq festivalı Göygöldən Kəlbəcərə transfer olacaq. Eyni zamanda aqroturizm üçün də eyni sözləri demək olar. Gələcəkdə yerli əhali bu yeni və müasir kəndlər, yaşayış məntəqələrində olan evləri kirayə də verə biləcəklər. Artıq bu proses başlayıb. Təbiət qoynunda qalmaq istəyən insanlar burada gəlib istirahət etməyə daha çox meylli olacaqlar.

Regionda ekoloji, ekoturizm baxımdan maarifləndirməyə də ehtiyac var. Təəssüf ki, bizim səfərlərimiz zamanı mineral suların mənbələri, Həkəri çayının ətrafında plastik tullantılara rast gəlirdik. Ora köçən insanları, dincəlməyə gedənləri maarifləndirmək lazımdır ki, belə addımlara qəti şəkildə yol verməsinlər. Çirklənmə, tullantı yığını baş versə, Gəncəçay, Kürəkçay, Göyçay çayında daşqınlar baş verən zaman suların gətirdiyi məlum arzuolunmaz mənzərələri azad olunmuş ərazilərdə də görəcəyik. Bunun qarşısı qəti şəkildə alınmalıdır. İnsanlar ən azından gətirdiyi tullantıları özü ilə aparmalı, ya da müəyyən qablara atmalıdırlar. Artıq Minkənd ətrafında bu tullantılar həm çayda həm mineral suyun mənbənin özündə rast gəlinir. Bu gələcəkdə çox böyük problemlər yarada bilər. Düzü, maarifləndirmə hazırda bu məsələdə elə də effekt vermir. Cərimə tədbirləri sərtləşdirilsə, yaxşı olar. Bunsuz mümkün olmayacaq. Çünki insanlarımızda hələ də sanitariya mədəniyyəti xeyli aşağıdır. Təəssüf ki, bu reallıqdır.

- Ümumiyyətlə, maarifləndirmə tədbirləri necə olmalıdır?
-Regiona köçürülən əhaliyə mina təhlükəsizliyinə əməl etmək öyrədilirsə, eyni zamanda onlar üçün mütləq oxşar maarifləndirici layihələr keçirilməlidir. Burada belə təşviqat işləri və maarifləndirmə məlumatları həm QHT, həm də media orqanları tərəfindən aparıla bilər. Media orqanları layihələri QHT və dövlətin bu sahədə apardığı siyasətə uyğun qura bilər. Nəzərə alaq ki, regionun bərpası yaşıl zona, ekoloji cəhətdən təmiz ərazi kimi planlaşdırılır. Yaşıl enerji yaşıl iqtisadiyyat daha çox təşviq olunan istiqamət kimi götürülüb. Dövlətin bu sahəyə ayırdığı maliyyədən, layihələrdən həm media həm QHT aktiv yararlanmalıdır. Ən əsas isə burada maarifləndirmə tədbirləri, ətraf mühitinin qorunması, sanitar normalara əməl olunması və tikinti şirkətlərinə aid edilməlidir. Bu məsələdə iki hədəf, auditoriya müəyyənləşməlidir. Birincisi, yerli əhali üçün olan maarifləndirmədir. Hansı ki, burada söhbət özlərinin təsərrüfat sahələri eyni zamanda ətraf mühitə olan münasibətlərindən gedir. İkincisi isə, istehsal sahələri üçündür. Tikinti, kənd təsərrüfatı ilə məşğul olanlar üçün maarifləndirici tədbirlər olmalıdır. Onlar öz təsərrüfatını yay otlaqlarına aparanda bilməlidirlər ki, ətraf mühiti də qorumalıdırlar. Həmin şəxs ona ayrılan sahələrdə hansı ekoloji normalara əməl etməyi anlamalıdır ki, gələcəkdə bu ətraf mühiti çirkləndirməsin. Belə tədbirlər mütləq şəkild onlara aşılanmalıdır. Aşılanmasa, bu, xüsusən də dediyim kimi təsərrüfat və tikinti işləri ilə məşğul olanlara və digərlərinə öyrədilməsə sabah ətraf mühitin çirklənməsi birinci o təsərrüfatlardan başlayacaq. Bir sözlə, maariflənmənin prioriteti bura istiqamətlənməlidir ki, insanlar artıq başa düşsünlər ki, tullantıları özlərinə qayıdacaq. Sabah həmin yerdə o təbiəti görməyə bilər.

-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?


- İşğaldan azad olunmuş ərazilərdə bioresursların qorunması vacib məsələlərdəndir. Ərazilərə köçən və ya yayda mal-qarası ilə gedənlər üçün müəyyən maarifləndirici tədbirlər görülür, onlara qadağalar qoyulur. Onlar da bilirlər ki, həmin ərazilərdə qeyri-qanuni ovçuluqla məşğul olmaq olmaz. Təəssüf ki, bəzi hallarda yerli sakinlərdən eşidirik ki, müxtəlif vəhşi heyvanların ovlanması və s. arzuolunmaz hallar baş verir. Bu kimi qeyri-qanuni ovçuluq halları var. Ən dəhşətli vəziyyəti isə balıq ovunda görürük. Çünki bu çayların mənbələri bir çox balıq növlərinin artımının əsas yeri sayılır. Onlar çay boyunca gedib mənbəyə kürülərini tökürlər. Amma balıqları kütləvi qırmaqla, bunu elektrik cərəyanı ilə həyata keçirməklə təbiətə ciddi zərər vurmuş olurlar. Həm DİN həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarəti gücləndirməlidir. Nəzarət olmasa bizim bildiyimiz təbii qızıl balığın nəsli tam kəsilə bilər. Bu balıq yalnız Tərtərçayda, Tutqunda, Ağdabanda, Həkəridə, Bərgüşad çayında qalıb. Demək olar ki digər çaylarda artıq rast gəlinmir. Bu balıqlar qorunmalıdır. Baxmayaraq ki, artım tədbirləri də görülür amma təbii artım vacibdir. Su hövzələrinin qorunması da vacibdir. Balıq tilov ilə ovlanan zaman nəsli kəsilmir. Amma elektrik cərəyanı ilə bunu edəndə heyvanların nəslini kəsmiş olurlar. Bu gün bölgədə müəyyən su anbarları tikilir, bu istiqamətdə xeyli işlər görülür. Burada da mütləq gələcəkdə həmin balıqların kürü tökməsi prosesi, miqrasiyası nəzərə alınmalıdır. Yoxsa hər yerdə suyun qabağını kəsib ucuz enerji almaq üçün balıqların miqrasiyasının qarşısını da kəsmək olmaz. Su hövzəsinin təbii xüsusiyyətləri qorunmalıdır. Çayın yatağının ən azı üçdə biri təbii formasında qalmalıdır ki, su hövzələrində olan biokütlə özünü qoruyub saxlaya bilsin.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ekoturizm  





Xəbər lenti