Yay məktəbi iyulun 13-dən 27-dək London Universitet Kollecində keçirilir və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunurlar. Ekskursiya Britaniya Muzeyinə ziyarətlə başlayıb, uşaqlara eksponatlar haqqında ətraflı məlumat verilib. Ardınca Oksford və Kembric universitetlərinin yerləşdiyi şəhərlərə ekskursiya təşkil olunub. Avropanın ən qədim kitabxanalarından sayılan Bodleian Kitabxanası da ziyarətçilərin marağına səbəb olub.
Həmçinin məşhur “High street” küçəsi və burada yerləşən Oksford Universiteti ziyarət olunub. Kembricin “Downing” kolleci, memarlığı ilə göz oxşayan Müqəddəs Məryəm Ana Kilsəsi də diqqəti cəlb edib. Ekskursiya çərçivəsində şəhid övladları Londonun rəmzi sayılan “Big Ben”, Vestminster abbatlığı və sarayı ilə də tanış olublar.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.
AzVision.az