Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
2024-cü il 12 iyul tarixli birgə məlumatda görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi “Youtube” səhifəsində (hüquq pozuntusuna səbəb olan ilkin mənbədə) yerləşdirilmiş “Sirun jan” adlı mahnının video yazısının müəllif hüquqularının pozulması səbəbindən “Youtube” tərəfindən silindiyi və həmin mahnının “CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi ilə bağlı müvafiq işlərin aparıldığı bildirilmişdi.
Görülmüş işlərin nəticəsi olaraq bildiririk ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinmişdir.
Qeyd olunanlarla yanaşı qeyd edirik ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən “Youtube” platformasından silinmişdir.
Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilmişdir.
AzVision.az
Teqlər: