Azərbaycanda heç bir dövlətin əsgəri döyüşməyib! – Hərbi ekspert
Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə və antiterror tədbirləri zamanı 3200 nəfərə yaxın şəhid verib, 12000 nəfərə yaxın müharibə əlilimiz və 90000 nəfərə yaxın veteranımız var. Təxminən 60 min nəfərlik ehtiyat qüvvəyə malik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə heç bir dövlətin silahlı qüvvələrinin şəxsi heyətinə ehtiyacı olmayıb. 44 günlük Vətən Müharibəsində şəhid olan, yaralanan və döyüşən heyət arasında bir nəfər də olsun başqa ölkənin hərbi qulluqçusunun adı yoxdur. İşğal altındakı ərazilərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələri üçün şərəf və ləyaqət məsələsi idi. Bu çətin vəzifəni Azərbaycan döyüş meydanında təkbaşına həll edib.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Respublikası prezidentləri arasında müttəfiqlik münasibətləri haqqında imzalanan ”Şuşa Bəyannaməsi”ndə Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə barədə yazılıb: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir”.
Düşünürəm ki, hər iki ölkə rəhbərinin imzaladığı “Şuşa Bəyanamməsi”ni, təqdim edilən faktları və rəqəmləri nəzərə alaraq, bu mövzuda əlavə manipulyasiyalar etməyə zərurət qalmır.
Ədalət Verdiyev, hərbi ekspert
Teqlər: Zəfər