NYT: “Kiyev Rusiyanı tədricən taqətdən salmaq istəyir”

 NYT: “Kiyev Rusiyanı tədricən taqətdən salmaq istəyir”
  07 Oktyabr 2024    Oxunub:1098
Ukrayna Silahlı Qüvvələri Donbass şəhərləri uğrunda çətin və qanlı döyüşdə Rusiya ordusunun resurslarını tükəndirərək onu məğlub etməyə çalışır.
AzVision.az xəbər verir ki, Ukraynanın Rusiya ilə müharibənin hazırkı mərhələsindəki strategiyasını təhlil edən “New York Times (NYT)” qəzeti belə qənaətə gəlib.

“Belə taktikanın nə dərəcədə uğurlu olacağı hələ də bəlli deyil. Ukrayna son bir ildə Donetsk vilayətinin bir neçə şəhərini itirib, ancaq bu, Rusiya ordusunun çoxlu sayda hərbçi və texnikasını itirdiyi şiddətli döyüşlərdən sonra baş verib”, - qəzetdə dərc olunan materialın müəllifləri vurğulayırlar.

Ukrayna Dövlət Strateji Tədqiqatlar İnstitutunun hərbi eksperti Nikolay Beleskov nəşrə müsahibəsində bunu “Məkanın Rusiya itkiləri ilə mübadiləsi” strategiyası adlandırıb.

NYT Pokrovsk bölgəsində döyüşən Ukrayna ordusunun 411-ci batalyonunun əsgərindən sitat gətirir: “Məsələ onların bunun mənasız olduğunu başa düşənə qədər nə qədər itki verəcəyindədir”.

Nəşrin rəyini soruşduğu bəzi analitiklərin fikrincə, Kiyevin Rusiyanın Kursk vilayətinə hücumu Ukrayna resurslarının tükənməsinə səbəb olub. Finlandiyanın “Black Bird Group” şirkətinin hərbi ekspert Pasi Paroninen son iki ayda Rusiya ordusunun Ukraynanın təxminən 700 kvadrat kilometr ərazisini ələ keçirdiyini bildirib ki, bu da iyun və iyul aylarında işğal olunmuş ərazilərdən təxminən üç dəfə çoxdur. Lakin Rusiyanın bütün Donetsk bölgəsini ələ keçirmək məqsədinə çatmaq üçün hələ çox uzun bir yol var. Bunun üçün Rusiya ordusu təxminən 10 min kvadrat kilometr daha çox ərazini, yəni keçən il işğal etdiyindən təxminən beş dəfə çox ərazini nəzarət altına almalıdır.

Eyni zamanda, nəşrin müəlliflərinin istinad etdiyi məlumatlara görə, Rusiya Ukraynada hər gün ölən və yaralanan təxminən 1,2 min hərbçi itirir. Zədələnmiş Rusiya zirehli texnikasının sayı isə Ukraynanın itkilərindən təxminən üç dəfə çoxdur.

Britaniya Kral Müdafiə Tədqiqatları İnstitutunun (RUSI) ekspertlərinin fikrincə, itkilərinin indiki tempi və onun fabriklərində istehsalın sürəti nəzərə alınarsa, 2026-cı ilə qədər Rusiyanın ağır texnikası tükənəcək.

- Həm çağırışçıların sayı, həm də hərbi sənayenin potensialı baxımından xeyli az resursa malik olan Ukrayna da ciddi itkilər verir”, - NYT yazır.

Qəzetin həmsöhbətləri olmuş analitiklərə görə, Ukrayna Donbass uğrunda döyüşə tab gətirmək və Rusiyanın itkiləri kumulyativ effekt verməyə başlayana qədər gözləmək iqtidarındadır. Lakin ekspertlərin bəziləri hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin üzləşdikləri risk onların Rusiyanın Kursk vilayətində əməliyyata başlamasından sonra artıb.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın Donetsk vilayətindən son vaxtlar xeyli irəliləməsindən sonra Qərbin, xüsusən də Amerikanın bir sıra KİV-lərində Kiyevin xüsusi strategiya çərçivəsində Moskvanı üzücü müharibəyə sövq etməsi barədə materiallar dərc olunur. Əslində belə materiallar daha çox Qərbin “ pis oyunda yaxşı simanı qoruyub-saxlamaq” siyasətinin təzahürüdür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   tükənmə  





Xəbər lenti