"Newsweek": Avropa Üçüncü Dünya Müharibəsinə hazırlaşır

      "Newsweek":    Avropa    Üçüncü Dünya Müharibəsinə    hazırlaşır
  04 Dekabr 2024    Oxunub:505
“Avropanın əksər ölkələri Rusiyadan gözlədikləri təhdidlərin fonunda sakitcə Üçüncü Dünya Müharibəsinə hazırlaşırlar. NATO ölkələri artıq Rusiyanın mümkün hücumu ilə bağlı tədbirlər görməyə başlayıblar”.
“Newsweek” yazır ki, Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazırlığı özünü hərbi xərclərin artmasında da göstərir.
Baltikyanı ölkələr Rusiya ilə sərhədlərini möhkəmləndirir və bomba əleyhinə sığınacaqlar tikirlər.
Skandinaviya ölkələri əhaliyə kütləvi qırğın silahları ilə hücumun baş verəcəyi təqdirdə necə davranmaqla bağlı kitabçalar paylayırlar.
Almaniya hücum baş verəcəyi təqdirdə vacib dövlət idarələrini necə qorumaq haqqında planlar qurur.
Bundan başqa, Berlin ehtiyac yaranarsa, Şərqi Avropaya göndərmək üçün 100 min əsgər hazırlayıb.

Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus oktyabr ayında “Bloomberg” agentliyinə demişdi ki, Birlik 6-8 il sonra Rusiya ilə baş verə biləcək toqquşmaya indidən hazırlaşmalıdır.

Xatırladaq ki, Fransa da Rusiya ilə mümkün müharibədə tab gətirə bilmək üçün indidən hazırlıqlara başlayıb. Gələn ilin mayında fransız əsgərləri Rumıniyada keçiriləcək "Daçyan baharı 2025" adlı genişmiqyaslı hərbi təlimdə iştirak edəcək. Təlimdə onların NATO-nun şərq cinahını qoruma imkanları qiymətləndiriləcək.

Fransa ordusu NATO-dan da yeni göstərişlər alıb: 2027-ci ilə qədər elə bir həddə çatmalıdır ki, diviziyasını 30 gün ərzində döyüşə hazır vəziyyətə gətirə, onu təchiz və sursatla təmin edə bilsin.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Müharibə  





Xəbər lenti