Ekipaj üzvləri ilə vida mərasimi keçirilib - YENİLƏNİB
Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hadisə baş verən andan xalqımızın kədərə boğulduğunu deyib. Nazir belə bir çətin vəziyyətdə pilotlarımızın, təyyarə bələdçilərinin böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edib.
AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarəyə qeyri-qanuni güc təsiri olduğunu, nəticədə təyyarənin güclü xəsarət aldığını, onu idarə edən sistemlərin sıradan çıxarıldığını bildirib. O, baş vermiş hadisənin ölkəmizin pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğun olduğunu göstərdiyini bildirib.
Həlak olan ekipaj üzvlərinin yaxınları və onlarla birgə çalışan əməkdaşlar xatirələrini bölüşüblər. Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq. Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
***
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.
Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər. Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
AzVision.az
Teqlər: