Almaniyalı jurnalist İlon Maskın rəyinə görə işdən çıxıb

Almaniyalı jurnalist    İlon Maskın    rəyinə görə işdən çıxıb
  29 Dekabr 2024    Oxunub:701
Almaniyanın “Die Welt” qəzetinin “rəylər” bölməsinin rəhbəri Yeva Mari Kögel, amerikalı milyarder-sahibkar İlon Maskın nəşrdə dərc olunmaq üçün təqdim etdiyi rəy çapa göndərildikdən sonra istefa ərizəsi verib.
AzVision.az xəbər verir ki, İlon Mask “Die Welt” qəzetinə göndərdiyi materialda Almaniyanın kritik dövrdə olduğunu - onun gələcəyinin iqtisadi və mədəni çöküşün astanasında olduğunu yazıb.

“Almaniyanın sənaye və texnologiya sahəsinə əhəmiyyətli sərmayələr yatırmış şəxs kimi onun siyasi istiqaməti haqqında açıq danışmaq hüququna malik olduğuma inanıram”, - amerikalı milyarder yazıb.

Maskın fikrincə, “Almaniya üçün Alternativ” (AfD) partiyası Almaniya üçün “son ümid qığılcımı” dır. Bundan əvvəl isə amerikalı milyarder Maqdeburqda yaşanan hücumdan sonra Almaniya kanslerinin istefasını tələb etmişdi. Olaf Şolzun terror aktı ilə bağlı açıqlamalarını müzakirə edən istifadəçi yazısının altındakı şərhlərdə sahibkar onu “səriştəsiz axmaq” adlandırıb.

Jurnalist Yeva Mari Kögel məhz bu reallıqlar fonunda İlon Maskın göndərdiyi mətnin çapa verilməsinə etiraz əlaməti olaraq işdən çıxmaq qərarına gəlib.

- Mən həmişə “Die Welt” və “Welt am Sonntag” nəşrlərinin “rəylər” bölməsinə rəhbərlik etməkdən həzz almışam. Bu gün “Welt am Sonntag” jurnalında İlon Maskın mətni çıxdı. Dünən material dərc olunandan sonra istefa ərizəmi verdim”, - almaniyalı jurnalist “X” social şəbəkəsində yazıb.

Şolz əsas rəqiblərinə uduzur
Xatırladaq ki, Almaniyada “AfD”-ni sağçı populist partiya adlandırırlar. Digər siyasi qüvvələr onunla hansısa koalisiya çərçivəsində - nə federal, nə də regional səviyyədə əməkdaşlıq etməyi qeyri-mümkün sayırlar. Eyni zamanda, son ictimai rəy sorğularına görə, “AfD”-nin reytinqi 18-20% səviyyəsindədir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   jurnalist   istefa  





Xəbər lenti