Cənubi Koreyada aviaqəza 179 nəfəri öldürdü, 2 nəfər sağ çıxdı - VİDEO

 Cənubi Koreyada aviaqəza 179 nəfəri öldürdü, 2 nəfər sağ çıxdı - VİDEO
  29 Dekabr 2024    Oxunub:972
Cənubi Koreyada qəzaya uğrayan təyyarədən möcüzəvi şəkildə sağ çıxmış iki nəfərin vəziyyəti yaxşıdır.
Bu barədə YTN telekanalı məlumat yayıb.
Qeyd edilib ki, sağ qalanların hər ikisi ekipaj üzvləridir: "Sağ qalanlardan biri deyib ki, yerə enməzdən əvvəl kəməri bağlı olub və başqa heç nə xatırlamır. Hətta xəstəxanaya aparılandan sonra bura niyə gətirildiyini soruşurmuş. Tibb işçiləri bu cür reaksiyanın panikadan qaynaqlandığını ehtimal edirlər".

Cənubi Koreyada təyyarə qəzası: 179 nəfər ölüb - YENİLƏNİB
Uçuş bələdçisi təyyarənin arxa hissəsində sərnişinlərə xidmət göstərirmiş. O, kəllə-beyin travması alıb, çiyin nahiyəsi sınıb. Telekanalın həkimlərə istinadən verdiyi məlumata görə sözügedən stüardessa tam anlaqlı vəziyyətdə olub və sərbəst yeriyə bilirmiş, hətta nəbzi də pozulmayıb.

Ondan başqa 20 yaşlı stüardessa da sağ qalıb. Telekanalın məlumatına görə, bu ekipaj üzvünün də həyatı üçün təhlükə yoxdur.

Stüardessa təcili yardım xidmətinə deyib ki, mühərrikdə tüstü yaranıb və bundan sonra partlayış baş verib. Şahidlər də eniş cəhdi zamanı mühərriklərdən birində alov gördüyünü bildiriblər.

Xatırladaq ki, Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsi Muan şəhərində qəzaya uğrayıb. Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıblar. İlk saatlarda 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxacağı real görünmür. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Qəza  





Xəbər lenti