Hikmət Hacıyev: Ermənistan konstitusiyasında dəyişiklik zəruridir

      Hikmət Hacıyev:    Ermənistan konstitusiyasında dəyişiklik zəruridir
  13 Mart 2025    Oxunub:511
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub.
Bu fikirləri XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir”, – deyə o bildirib.

O qeyd edib ki, regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir: “Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi, Ermənistanın konstitusiyasında dəyişməli olan məqamlar var. Məhz bu regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil və bu xüsusda bir sıra nümunələr mövcuddur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi. "Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər", - deyə H.Hacıyev bildirib.

Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edən Prezidentin köməkçisi vurğulayıb: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.

AzVision.az



Teqlər:





Xəbər lenti