Pakistanda girovların azad olunması əməliyyatı davam edir

   Pakistanda girovların azad olunması əməliyyatı davam edir
  12 Mart 2025    Oxunub:498
Pakistanın təhlükəsizlik qüvvələri bir gün əvvəl “Bəlucistan Azadlıq Ordusu (BLA)” yaraqlılarının girov götürdüyü ən azı 155 qatar sərnişinini azad edib.
AzVision.az Pakistanın “Geo TV” telekanalına istinadən xəbər verir ki, 27 terrorçu məhv edilib, girovların azad olunması əməliyyatı davam etdirilir.

Hökumətin və dəmir yolu idarəsinin rəsmilərinin məlumatına görə, silahlı şəxslər qatarı qaçırdıqdan sonra ən azı 10 nəfəri öldürüb. Dəmir yolunun yüksək səviyyəli rəsmisi İmran Həyat dünən axşam “CNN” telekanalına ölənlərdən doqquzunun təhlükəsizlik işçisi və hücumda bir qatar maşinistinin də həlak olduğunu deyib.

Xatırladaq ki, dünən terrorçular Pakistanın Kvetta şəhərindən Pişəvərə gedən “Cəfər Ekspress” sərnişin qatarını atəşə tutub, qatarın maşinisti həlak olub və bir neçə sərnişin ağır yaralanıb. Qatarda 400-dən çox sərnişin olub. Hücumçular içəri girib insanları girov götürməzdən əvvəl relsləri partladaq qatarı dayandırmağa məcbur ediblər.

Hücuma görə məsuliyyəti BLA öz üzərinə götürüb. Bu Pakistan hökumətinə qarşı mübarizə aparan ən böyük etnik üsyançı qrupdur.

Qeyd edək ki, Pakistanın ən böyük, lakin ən az məskunlaşmış əyaləti olan Bəlucistan ölkə ərazisinin 44%-ni tutur. Bölgədəki separatçı hərəkatın nümayəndələri İslamabadı yerli əhalinin iştirakı olmadan təbii sərvətlərdən istifadə etməkdə günahlandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   BLA   girovlar  





Xəbər lenti