Tramp öz qərarını ləğv edib

   Tramp öz qərarını ləğv edib
  12 Mart 2025    Oxunub:568
ABŞ prezidenti Donald Tramp Kanadadan polad və alüminium idxalına tətbiq olunan 50%-ə qədər tarifləri ləğv edib.
AzVision.az xəbər verir ki, Ağ Evin ticarət məsələləri üzrə baş müşaviri Piter Navarroya istinad edən “CNBC” telekanalı belə məlumat yayıb.

Bundan əvvəl Kanadanın Ontario əyalətinin baş naziri Daq Ford ABŞ-nin Ticarət naziri Hovard Lutniklə müzakirələrdən sonra Miçiqan, Nyu-York və Minnesota ştatlarına elektrik enerjisi ixracına 25% əlavə rüsumun tətbiqini dayandırdığını açıqlamışdı. Ford və Lutnik, həmçinin üçtərəfli (ABŞ, Kanada, Meksika) azad ticarət sazişini müzakirə etmək üçün martın 13-də Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Daq Ford Lutniklə danışıqlarını “məhsuldar söhbət” adlandırıb. Peter Navarro isə “CNBC” telekanalına Lutnikin danışıqları gözəl şəkildə apardığını deyib.

Xatırladaq ki, dünən Donald Tramp Kanadanın ABŞ-yə elektrik enerjisi ixracına tətbiq etdiyi əlavə rüsumların cavabında Kanadadan idxal olunan polad və alüminiuma 50%-ə qədər əlavə rüsumlar qoyulması barədə Ticarət nazirinə göstəriş verdiyini açıqladı. Halbuki, Kanadanın Ontario əyalətinin baş naziri Daq Fordun bu addımı Trampın Kanadadan (həmçinin Meksika və Çindən) müxtəlif malların idxalına tətbiq etdiyi 25% tariflərinə cavab idi.

Tramp Kanada, Meksika və Çinə tariflərin tətbiqini bu ölkələri “qeyri-qanuni immiqrasiyanın dayandırılması və zəhərli fentanil və digər dərmanların ABŞ-yə axınının dayandırılması ilə bağlı vədlərini yerinə yetirməyə “məcbur etmək” zərurəti ilə əsaslandırıb. Kanada bunun cavabında 155 milyard dollar dəyərində ABŞ mallarına 25%-lik gömrük rüsumunun tətbiq olunduğunu elan etməklə yanaşı, ABŞ-yə qarşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iddia qaldırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Kanada   tariflər  





Xəbər lenti