Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında iştirak edib

   Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında iştirak edib
  12 Mart 2025    Oxunub:481
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edib.
AzVision.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbirdə Ombudsman çıxış edib, gündəliyə daxil olan məsələlər müzakirə olunub.

Müvəkkil illik iclas çərçivəsində “Qadın və qızların hüquqları: MİHT-lərin rolu” mövzusunda keçirilmiş tematik sessiyada da çıxış edərək, müvafiq sahədə həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.



Ombudsman qadın hüquqlarının daha səmərəli müdafiəsi, zorakılıq qurbanları üçün dəstək xidmətlərinin və qadınlar üçün iqtisadi və sosial imkanların genişləndirilməsi istiqamətində fəaliyyətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Gender bərabərliyinin təşviq edilməsi və qadınların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışan Səbinə Əliyeva təsisat tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində çoxsaylı təşəbbüslərin irəli sürüldüyünü bildirib.

Müvəkkil qadın hüquqlarının pozulması, eləcə də məişət zorakılığı, erkən nikah və gender əsaslı zorakılıq halları ilə bağlı şikayətlərin, habelə sosial mediada yayılmış məlumatların operativ şəkildə araşdırıldığını, zərərçəkmişlərə psixoloji və hüquqi dəstəyin göstərildiyini və aidiyyəti qurumlarla bu sahədə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Ombudsman, həmçinin səfər zamanı GANHRI-nin illik iclası çərçivəsində “Milli insan hüquqları təsisatları və əlilliyi olan şəxslər” mövzusunda keçirilmiş tematik sessiyada da iştirak edib, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin rəsmiləri ilə görüşlər keçirib, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadilələri aparıb.

AzVision.az




Teqlər:





Xəbər lenti