Sürücülər arasında dava, yaralı var

Sürücülər arasında dava, yaralı var
  31 İyul 2014    Oxunub:1198
Mingəçevir şəhərində sürücünün yaratdığı qəza vəziyyəti anlaşılmazlığa və davaya səbəb olub, ağır xəsarət alan var
AzVision.az xəbər verir ki, Şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Mingəçevir-Aran yolunda qeydə alınıb. Daşkəsən sakini 1975-ci il təvəllüdlü Mustafayev Roman Şükür oğlu idarə etdiyi 99-EB-091 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını ilə qarşıdakı digər bir minik maşınını ötüb keçərkən yolun əks istiqamətində hərəkətdə olan, yəni qarşı tərəfdən gələn Mingəçevir sakini 1980-ci il təvəllüdlü İsmayılov Azər Məsim oğlunun idarə etdiyi 20-BC-377 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin yoluna çıxaraq qəza vəziyyəti yaradıb. "VAZ 2107" markalı avtomobil yolun kənarındakı daşlıq əraziyə çıxaraq aşmaq təhlükəsi ilə üzləşib. "Jiquli"nin sürücüsü Azər İsmayılov "BMW"-nin sürücüsü Roman Mustafayevə onun səhvi ucbatından toqquşma anından qaçaraq maşınını aşıracağını bildirərək etiraz edib. Bundan əsəbiləşən Roman Mustafayev, bacısı oğlu 1986-cı il təvəllüdlü İsmayılov Mail Şahismayıl oğlu və maşındakı daha iki nəfər Azər İsmayılovu yumruq və ayaq zərbələri ilə ölümcül döyərək hadisə yerindən qaçıblar. Azər İsmayılov ağır vəziyyətdə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədənlərdən ikisi-Roman və Mail tutularaq istintaqa təhvil verilib.

Hadisədə iştirak edən daha iki nəfərin tapılaraq istintaqa təhvil verilməsi üçün iş aparılır.


Teqlər:





Xəbər lenti