Dövlət qurumlarında ciddi nöqsanlar aşkarlanıb

Dövlət qurumlarında ciddi nöqsanlar aşkarlanıb
  01 Avqust 2014    Oxunub:2922
Hesablama Palatası 2014-cü ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumat yayıb
Palatadan AzVision.az-a verilən məlumata görə, bu ilin ilk 6 ayı ərzində Palata tərəfindən iş planına uyğun olaraq 48 nəzarət tədbiri başlanılıb. Onlardan 27-sinin nəticələri üzrə qərar qəbul olunub. Həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun xərclərini əhatə edib. Hesabat dövrü ərzində dövlət büdcəsinin xərclərini əhatə edən audit tədbirləri ilə yanaşı, bir ekspert-analitik təhlil də başa çatdırılıb.

Qərar qəbul edilmiş nəzarət tədbirlərinin əhatə etdiyi ümumi məbləğin 10,1%-ni sosial xərclər, 61,8%-ni əsaslı vəsait qoyuluşları təşkil edib. Audit olunan vəsaitin 80,8%-i mərkəzləşdirilmiş xərcləri, 19,2%-i yerli xərcləri əhatə edib.

Nəticələri barədə qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə Hesablama Palatası tərəfindən müvafiq qurumlara 36 təqdimat göndərilib.

Bəzi nəzarət tədbirlərinin nəticələrinin hesabat dövrünün sonunda müzakirə olunduğunu nəzərə alsaq, 23 tədbir üzrə kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilmiş məlumatlara əsasən, 2014-cü ilin ilk 6 ayı üçün ümumilikdə 1479,8 min manat məbləğində vəsaitin bərpası, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 108,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1128,7 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin edilib, 270,5 ştat vahidi azaldılıb.

Audit tədbirlərinin nəticələrinə əsasən, ötən hesabatlarda qeyd olunmuş nöqsanlarla yanaşı, əmək haqqı ödənişlərinin, inzibati xarakterli xərclərin (ezamiyyə, yanacaq və s.) və görülmüş iş və xidmətlərin hesablanması zamanı artıq ödəmələrə yol verilməsi, büdcə təşkilatları tərəfindən dövlət satınalmalarında hesabatlılığın təmin edilməməsi, malların (iş və xidmətlərin) alışı zamanı rəqabətsiz satınalma metodlarına üstünlük verilməsi, vəsaitlərdən səmərəli və nəticəli istifadə edilməməsi hallarına da rast gəlinib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti