Mətbuat Şurası şikayətləri araşdırdı
Öncə Dövlət Neft Fondunun “Xalq nəzarəti və sahibkarlıq” qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, Zərdabi Abbasov şəxsi problemlərini baş redaktoru olduğu mətbu nəşrə çıxarıb, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər, vulqar ifadələr işlətməklə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərini pozub. Onun Neft Fonduna və rəhbərliyinə qarşı nümayiş etdirdiyi mövqedə də qərəz, sui-istifadə halları özünü biruzə verməkdədir. Bu isə “reket jurnalistika”ya xas dəst-xəttdir. Komissiya şikayətlə əlaqədar məsələnin Mətbuat Şurası “Reket jurnalisita”ya qarşı mübarizə Komissiyasında da araşdırlmasını məqsədə müvafiq sayıb.
İclasda “Mizrab” jurnalının ilk sayında peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. Mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılması tövsiyə olunub.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində komissiya rəyə gəlib ki, xəbər portalına narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə edilməlidir. Sayt rəhbərliyi bu təklifin həyata keçirilməsinə hazır olduğunu bildirib.
“Kapital Bank” ASC-nin Neftçala filialının Müstəqil İnformasiya Agentliyi (mia.az) barədə müraciəti tərəflər arasında anlaşma əldə olunduğu üçün həllini tapmış sayılıb. İclasda şikayətçi tərəfin təmsilçisi məlumat verib ki, saytda onların mövqeyini əks etdirən təkzib xarakterli məktub yayımlanıb.
Sonda “Gündəm xəbər” qəzetinin “Gündəm şok xəbər” qəzetindən şikayətinə baxılıb. Komissiya “Gündəm şok xəbər” qəzetinin ilk saylarında həqiqətən qüsurlara yol verdiyi, həmin KİV-in dizaynına məxsus elementləri təkrarladığı, sonradan bu kimi halları aradan qaldırdığı qənaətinə gəlib. Müraciətin adla bağlı hissəsi müzakirə olunarkən komissiya üzvləri məsələnin müvafiq qurumlarda araşdırılmasını məntiqi sayıblar.
Teqlər: