Mərkəzin regional nümayəndəsi Tural Kərimov festivalı giriş sözü ilə açaraq, tədbirin mahiyyəti barədə şəhər əhalisinə məlumat vermiş, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb.
Mingəçevir şəhərinin icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışmış, dövlətin də bu sahəyə daim diqqət ayırdığını deyiblər.
Bildirilib ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi həm daxildə, həm də xaricdə layiqincə təmsil edirlər. Buna görə yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.
Daha sonra söz yaradıcı gənclərə verilmiş, onlar teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalda 70-dən çox gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Həmin gənclərdən 30-a yaxını ilk dəfə olaraq, geniş auditoriya qarşısına çıxıb.
Festivalın sonunda bütün iştirakçılara diplomlar təqdim edilib.