Gənclər niyə ev ala bilmirlər? - AKTUAL
Hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri verilir. Bəzi gənclər ipoteka kreditlərindən yararlanaraq ev problemlərini həll edirlər. Amma bu, xoşbəxtlik hər gəncə nəsib olmur.
Bəzi deputatlar, ekspertlər hesab edirlər ki, ipoteka kreditləri bir qədər sadələşdirilməlidir. Hazırki durumda gənclər necə ev alsın?
İqtisadçı-ekspert Vüqar Bayramov AzVision.az-a açıqlamasında ipoteka kreditlərinin verilişində bəzi dəyişikliklərin edilməsinin labüd olduğunu deyib. Onun sözlərinə görə, bu il Azərbaycan İpoteka Fonduna ayrılan vəsaitin artırılması müsbət haldır və Bu, gənclərə sosial ipotekadan daha geniş şəkildə istifadə etmək imkanı yaradacaq.
Ekspertin sözlərinə görə, sosial ipoteka kreditinin verilməsi zamanı ilkin ödənişin alınması məsələsinə yenidən baxılmalıdır:
“Sosial ipoteka kreditləri güzəştli şərtlərlə verilir. Kreditlərin illiyi 4 faizdir və maksimum məbləği 50 min manatdır. Eyni zamanda sosial ipoteka krediti alan şəxs 20 faiz ilkin ödəniş etməlidir. Faiz dərəcəsinin dörd faiz olması məqbuldur. Dövlət büdcəsindən ayrılan vəsait nəticəsində Azərbaycan İpoteka Fondunda 25 faiz artım qeydə alınıb. Bunlarla bərabər sosial ipoteka kreditinin verilməsinin təkmilləşdirilməsinə ehtiyac var. Xüsusən ilkin ödənişlə bağlı şərtlərə yenidən baxılmaq lazımdır. Sosial ipoteka kreditlərindən daha çox gənc ailələr istifadə edir və ilkin ödənişin həyata keçirilməsi bəzi hallarda poblem olur.
2005-ci ildə qəbul edilmiş ipoteka verilməsi haqqında qanunda ölkə prezidenti Azərbaycan İpoteka Fondu ilə yanaşı ipoteka zəmanət fondunun yaradılması , eyni zamanda sosial investorları cəlb etməklə ipoteka fondunun maliyyə mənbələrinin genişləndirməsi ilə bağlı tapşırıq vermişdi. O baxımdan zəmanət fondunun formalaşdırılması və ilkin ödənişin zəmanət fondu tərəfindən qarşılanmasına ehtiyac var”.
İqtisadçı qeyd edib ki, sənədlərin sayının çox olması gənc ailələrin sosial ipotekadan faydalı istifadə etməsinə imkan vermir:
“Azərbaycanda ipoteka krediti almaq üçün 18-ə yaxın sənəd tələb olunur ki, bu da ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayı baxımından Azərbaycanı dünyada birinci edir. Sənədlərin sayının azaldılması ilə gənc ailələrin sosial ipotekadan istifadə etməsi asanlaşdırıla bilər. Həmçinin maksimum məbləğə baxılması vacibdir. Çünki hazırda maksimum məbləğ 50 min manatdı və bu ipotek kreditindən faydalı istifadə etməyə imkan vermir. Nəzərə alsaq ki, paytaxtda, hətta regionlarda mənzillərin qiyməti kifayət qədər yüksəkdir və 50 min manatla mənzil almaq problemlidir. Bununla yanaşı gənclərin ipoteka kreditlərindən, ipoteka proqramından daha faydalı istifadə etməsi üçü, birmənalı şəkildə sosial ipoteka kreditinin şərtlərinə yenidən baxılması və təkmilləşdirilməsinə ehtiyac var”.
Xatırladaq ki, Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır. Bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi gələn il üçün Azərbaycanın dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib. Bu məqsədlər üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı. Gələn il üçün nəzərdə tutulmuş sosial ipotekanın maliyyələşdirilməsi nəzərə alınmaqla İpoteka Fondunda yığılan vəsaitlərin həcmi 266 milyon manata çatacaq.
Anar Kəlbiyev