Ölkəmizdə ailə qurmaq yaşı artır
A.Veysəlova bildirib ki, ailənin hansı yaşda, necə qurulması, hansı sosial-iqtisadi əsaslar üzərində qurulması ilə bağlı yanaşmalar həmişə dəyişir: “Bu baxımdan istər qızlar, istərsə də kişilər arasında ailə qurma yaşının artması - evliliyin 30-35, bəzən hətta bu yaşdan da yuxarı olması halları olur. Bu, bir neçə amillə bağlı ola bilər”.
Komitə rəsmisi hesab edir ki, bu amillərdən biri sosial-psixoloji məqamlarla bağlıdır. Yəni gənclər özlərini evliliyə hazır bilmirlər, iş sahəsində karyera qurduqdan sonra ailə qurmaq istəyirlər: “Digər tərəfdən, daha rahat həyat şəraiti qurduqdan sonra ailə qurmaq istəyənlərin sayı artır. Bu da 30-35 yaşdan sonra evlənmək istəyənlərin sayının artmasına təsir edir. Ancaq bu, bir az fərdi xarakter daşıyır. Bu gün insanların digər ölkələrin nümunələrini əldə etməsi onların dünyagörüşünün dəyişməsinə təsir edir. İnsanlar fikirləşirlər ki, özlərini tam kamil hesab etdikdən sonra ailə qursunlar”.
A.Veysəlova deyib ki, bu məsələnin həllinə kompleks yanaşmaq lazımdır: “Komitə olaraq, ailələrin çox olmasının, xüsusilə, sağlam münasibətlər, əsaslar üzərində ailələrin qurulmasının tərəfdarıyıq”.
O, qeyd edib ki, Azərbaycanda 30-35 yaşdan sonra evlilik hallarının artmasının qarşısını almaq üçün hər hansı qadağa tətbiq etmək olmaz: "Bunun üçün yalnız maarifləndirmə işləri aparmaq, məsləhətlər vermək olar ki, komitə də hazırda yerlərdə bu yönümlü işlər aparır".(Trend)
AzVision.az