Azərbaycan şərabı Yaponiyada birinci oldu

Azərbaycan şərabı Yaponiyada birinci oldu
  10 Noyabr 2014    Oxunub:2102
Yaponiyanın “BS Japan” televiziya kanalının şərabsevərlər arasında məşhur olan “Genesis” proqramında dequstatorlar anonim olaraq təqdim edilən 12 ölkənin şərabları arasından məhz Azərbaycan şərabını seçiblər.
Bu barədə AzVision.az “AzərTAC”-a istinadən xəbər verir.

Tanınmış somelye, aktyor Tatsumi Takuronun apardığı verilişin qonağı olan manqa rəssamı Şeyzo Vataşeyə və yazıçı Eri Muraokaya axşam yeməyi üçün dünyanın şərab istehsalında tanınmış ölkələrinin məhsullarından ikisini seçmək təklif olunub. Fransa, Argentina, İspaniya, İtaliya, Kolumbiya, Avstraliya, ABŞ, Yaponiya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası və Azərbaycana məxsus içkilər arasından dequstatorlar Azərbaycan və Avstraliya şərabını seçiblər. Şeyzo Vataşenin bildirdiyinə görə, Azərbaycanın “Şərq ulduzu” zavodunun məhsulu olan “Saperavi” şərabı tamı və özünəməxsus ətri ilə diqqəti cəlb edir.
Aparıcı T.Takuro isə Azərbaycan şərabının ətrinə görə fərqləndiyini vurğulayıb və onun tamını arxaik gülüşə bənzədərək yaponların belə bir şərabı sevəcəyini deyib. “Saperavi” şərabını xarakterizə edən somolye xanım Çişa Hamada onun eleqant turşuluğa malik olduğunu bildirib. Qeyd edib ki, bu şərab ət yeməkləri ilə yaxşı harmoniya təşkil edər.

Verilişdə bildirilib ki, Azərbaycan şərabları Yaponiya bazarına cəmi bir il əvvəl daxil olmasına baxmayaraq, yapon şərabsevərlər arasında geniş populyarlıq qazanmaqdadır.

AzVision.az


Teqlər:  





Xəbər lenti