Camaat qaz axtarır, “Azəriqaz” isə öz hayındadır...

Camaat qaz axtarır, “Azəriqaz” isə öz hayındadır...
  11 Noyabr 2014    Oxunub:2095
Soyuq qış günlərdində vətəndaşları narahat edən əsas problemlərdən biri və ən başlıcası mavi yanacaqla bağlıdır. Aidiyyatı qurumlar “Qışa tam hazırıq” deyə vədlər versələr də təcrübə göstərir ki, deyilənlər bəzən söz olaraq qalır. Mavi yanacaq üzünə həsrət qalan insanlar şaxtalı havada isinmək üçün üz tuturlar təbiətin qoynuna..

Meşələr qırılır, təbiətə küllü miqdarda ziyan dəyir, amma qaz problemi bitmir ki, bitmir...
Mətbuat səhifələrindən izlədiyiniz kimi, demək olar ki, hər gün aidiyyat; qurumlar tərəfindən qaz xəttlərinin təmir işlərinin aparılması haqda sakinlərə xəbərdarlıq edilir, qaz verilişinin dayandırılacağı nəzərə çatdırılır.

Maraqlıdır, nə üçün təmir işləri yay mövsümündə deyil, soyuq qış günlərində aparılır?

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev AzVision.az-a açıqlamasında bildirib ki, istehlakçılara məxsus qaz kəmərlərinə və cihazlarına proflaktiki xidmət göstərilməklə yanaşı, günün istənilən vaxtında vətəndaşlar tərəfindən edilən müraciətlər qeydə alınır:

“Qaz sızmaları dərhal aradan qaldırılır, təmir-bərpa və digər texniki məsələlərlə əlaqədar qaz təchizatının dayandırılmasına zərurət yarandığı təqdirdə bu barədə istehlakçılara KİV və Mənzil İstismar Sahələrinin əməkdaşlarının vasitəsilə məlumat verilir. Bundan əlavə abonentlərin təbii qazdan təhlükəsiz və səmərəli istifadə etməsi üçün təlimatlandırılması və maarifləndirilməsinə xüsusui diqqət yetirilir. Təbii qazla əlaqədar baş verə biləcək bədbəxt hadisələrin minimuma endirilməsi üçün mütəmadi olaraq iş aparılır”.

Son günlər dəm qazından ölüm hallarının artması ilə bağlı İ.Kərbalayev bildirib ki, dəm qazının yaratdığı problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə mütəmadi olaraq reydlər aparılır:

“FHN-nin əməkdaşları ilə birgə tərəfimizdən tüstü bacaları yoxlanılır. Tüstü bacalarında problem olan mənzillər aşkarlanarsa, həmin mənzillərdə dərhal qaz təchizatı dayandırılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, həmin mənzillərə qazın verilişi bərpa olunur”.

Xatırladaq ki, "Azəriqaz" İB-nin 1 mln. 700 mindən çox abonenti var. Hər il olduğu kimi payız-qış aylarında ciddi problemlər meydana gəlməməsi üçün "Azəriqaz" tərəfindən tədbirlər görülülür. Həmçinin 2014-2015-ci ilin payız-qış aylarına hazırlıqla bağlı əmr verilib. Planda may ayından başlayaraq payız aylarına qədər tədbirlərin görülməsini nəzərdə tutan plan tərtib olunub. Plana əsasən təxminən 31870 metr qaz kəmərinin təmir olunması və ya əvəzlənməsi, 5550 metr qaz kəmərinin dayaqlar üzərinə qaldırılması, 102 ədəd qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. May ayından indiyə kimi 21 km-dən çox qaz kəməri təmir olunub, yeni qaz xətləri çəkilib. Eyni zamanda qaz avadanlıqları təftiş olunub, təmir və yağlanma işləri aparılıb. Bu tədbirlər hələ bitməyib və davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın əksər bölgələrində qaz verilişi təmin edilsə də hələ də mavi yanacaq üzünə həsrət qalan kəndlərimiz var.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti