Azərbaycanda diabet xəstələri azalıb

Azərbaycanda diabet xəstələri azalıb
  13 Noyabr 2014    Oxunub:1578
Hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.
Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”
Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir.

1998-ci ildən Azərbaycan Diabet Liqasının dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzində “Diabet Məktəbi” təşkil edilmişdir. 2011-ci ildə İSİM tərəfindən geniş miqyasda “Diabet Məktəblərinin təşkili” layihəsi həyata keçirilib.

İSİM tərəfindən fəaliyyət çərçivəsində həkimlərin stolüstü kitabı olan Şəkərli diabet (TİP 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol, əhalinin məlumatlandırılması məqsədilə maarifləndirici bukletlər, kitabçalar hazırlanıb və çap edilib.

Fəaliyyətin davamı kimi, İSİM, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında keçiriləcək tədbirdə qonaqların qanda şəkərinin miqdarı və qlükozalaşmış hemoqlobinin miqdarı ölçüləcək, klassik musiqi fonunda səhər yeməyi təşkil olunacaq.

Millət vəkillərinin və tibb mütəxəssislərinin iştirak etdiyi rəsmi hissədə Azərbaycanda şəkərli diabetlə bağlı vəziyyət, profilaktik tədbirlər barədə təqdimatlar olacaq. Rəsmi hissə sona çatandan sonra diabetli uşaqlara hədiyyələr təqdim olunacaq. Sonda yenidən qonaqların qanda şəkərinin miqdarı ölçüləcək, uşaqların arzuları yazılmış şarlar havaya buraxılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti