Azərbaycanda 2500 Türkiyə şirkəti var

Azərbaycanda 2500 Türkiyə şirkəti var
  03 Dekabr 2014    Oxunub:1550
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2-5 dekabr tarixlərində Bakıda keçirilən “BakuTel-2014” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıqla görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb:

"Hazırda Azərbaycanda 2500-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir ki, bu da Azərbaycandakı xarici şirkətlərin 36%-dən çoxunu təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunda Türkiyə şirkətləri podratçı qismində də iştirak edirlər".

Bildirilib ki, digər sahələrdə olduğu kimi, “Şahdəniz-2”, TAP və TANAP layihələri çərçivəsində ölkələrimiz arasında uğurlu enerji əməkdaşlığı davam etdirilir. İqtisadiyyat və sənaye naziri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Görüşdə 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyi vurğulanıb, bu sahədə görülən işlər, eləcə də sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verilib, türkiyəli sahibkarların bu imkanlardan yararlana biləcəyi də diqqətə çatdırılıb.

F.İşıq Azərbaycana səfərindən, “BakuTel-2014” sərgi-konfransında iştirakından məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, digər sahələrdə olduğu kimi, sənaye sahəsində də ölkələrimiz arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb, təcrübə mübadiləsinin aparılmasını, sənayenin müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirən F.İşıq Türkiyədə sənayenin inkişafı üçün görülən işlərdən bəhs edib.

Görüşdə sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlər üzrə müzakirələr aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti